Redaksiyamıza Bakı şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi 19 saylı binanın çoxsaylı sakinləri (115 nəfər) adından müraciət daxil olub. Sakinlər Tərlan Əliyarbəyov küçəsində yerləşən”Firuzə” restoranından narazılıq edirlər və müraciətlərinin qəzetimiz vasitəsilə bir sıra dövlət qurumlarına çatdırılmasını istəyirlər.
Sakinlər “Bakı-Xəbər” qəzeti vasitəsilə Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinə, Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhəri Baş Ticarət Departamentinə, Bakı Şəhər İcra Aparatına, Səbail Rayon İcra Hakimiyyətinə, Səbail Rayon Polis İdarəsinə, Qida Təhlükəsizliyi Agentliyinə, Bakı şəhəri 3 saylı XTMKTB-nin rəisi R.Qocayevə, 31 saylı XTMKTB-nin 15/MKİS-in rəisi V.E.Allahverdiyevə müraciət edərək, üzləşdikləri problemin həllinə yardım istəyirlər: “Yazıb sizə bildiririk ki, Hacı Zeynalabdin Tağıyev 19-un həyətinə bizim binaya paralel olan Tərlan Əlyarbəyov küçəsində yerləşən “Firuzə” restoranından qapı və çoxsaylı pəncərələr açılıb. Bunların hamısını restoranın sahibi Rasim Dadayev qeyri-qanuni edib.
“Uzun müddətdir ki, böyük narahatlıq içində yaşayırıq”
İndiyə qədər onun tərəfindən məhkəməyə və sakinlərə qanuni sənəd təqdim edilməyib. R.Dadayev bizim həyətə açdığı qapıdan qonaq otağı, gecələr yataq otağı (??) kimi istifadə edir. Bu azmış kimi, Rasim Dadayev qapıdan xeyli aralı bizim həyətə baxan kamera qoyub. Sakinlərin eyvanlarından asdığı alt geyimləri, gəlib-gedənlər hamısı onun nəzarətindədir. Niyə? Biz bilmirik ki, bizim həyətə açılan qapıdan kimlər gedib-gəlir? Əyyaşlarmı, narkomanlarmı, yoxsa terroristlərmi? Bütün gecəni səs-küydən yatmaq olmur. Uzun müddətdir ki, böyük narahatlıq içində yaşayırıq. Bunu da əlavə edirik ki, məhkəmənin qərarına əsasən maşınlarımız onun qapısından xeyli aralı dayanır. Rasim Dadayev bu qərarı da pozur, mütəmadi olaraq orada tikinti işləri aparır, maşınlarımızın üstünə yumurta, çay, zir-zibil atır”.
H.Z.Tağıyev 19-un sakinləri problemin tezliklə həll edilməsi üçün adları çəkilən dövlət qurumlarından kömək istəyirlər. Sakinlər ümid edirlər ki, müraciətlərinə obyektiv şəkildə baxılacaq və problem tez bir zamanda sakinlərin xeyrinə həll ediləcək.
Qeyd edək ki, Bakı Şəhəri Hacı Zeynalabdin Tağıyev 19 ünvanında yaşayan 115 sakin adından redaksiyamıza daxil olan müraciəti sakinlərin 10 nəfər nümayəndəsi - Cəlilova Zülfiyyə, Dadaşzadə Fatimə, Əsgərova Nairə, Ağayeva Səriyyə, Əliyeva Lalə, Əliyev Kamran, Xarçenko Zoya, Cəlilov Bəxtiyar, Dadaşzadə Rəhim, Ağayev Rasim imzalayıb.
Müraciət edərsə, qarşı tərəfin mövqeyini də işıqlandıra bilərik.
Əli TURABOV