Vaxtilə Nərimanov rayon sakinlərinin istirahət güşəsi olan park indi baxımsızlıqdan pis günə düşüb. Söhbət Şəhriyar adına Parkdan gedir. Bir vaxtlar bu park hər kəsin sevimli istirahət yeri idi. Uşaqdan tutmuş böyüyə qədər hər kəs dincəlmək üçün adıçəkilən parka üz tuturdu. Ancaq bu gün vəziyyət dəyişib.
Belə ki, park baxımsızlıqdan pis vəziyyətə düşüb. Parkda olan ağaclara qulluq edilmir, onlara su verilmir və ağacların budaqları uzun müddətdir budanmır. Hətta baxımsızlıqdan aşan ağaclar belə kəsilib ərazidən götürülmür. Bəzi ağacların arası isə meşədəki kimi kolluqla bağlanıb. Ağacların və oturacaqların ətrafı zibilliyi xatırladır. Həmin ərazidən keçənlər əllərində olan zibili ora atmaqdan çəkinməyiblər. Bir sözlə, park bərbad vəziyyətdədir. Parka gələnlər ərazidə yaşanan antisanitariyadan narazılıq edir. Sakinlərin bildirdiyinə görə, uzun müddətdir ki, park təmizlənmir: “Parkda olan oturacaqlar sınıq-salxaq vəziyyətdədir. Ən acınacaqlısı isə, parkda işıqlandırma sisteminin işlək vəziyyətdə olmamasıdır. Gecələr qaranlıq olur”.
Mədəniyyət və İstirahət Parkı - Şakir Hacıyev: “Ancaq bu hal uzun müddət davam etməyəcək, yaxın vaxtlarda istirahət guşəsi bağlanacaq, onun yerində müasir park salıncaq”
Şəhriyar adına Mədəniyyət və İstirahət Parkının direktoru Şakir Hacıyev bildirdi ki, yaranmış vəziyyət xoşagələn deyil: “Ancaq bu hal uzun müddət davam etməyəcək. Yaxın vaxtlarda istirahət guşəsi bağlanacaq. Onun yerində müasir park salıncaq. Ümid edirik ki, yenidənqurmadan sonra böyük şair Məhəmmədhüseyn Şəhriyarın adını daşıyan bu park gözəlliyi ilə hər kəsin ürəyincə olacaq”.
Telman Zeynalov: “Son vaxtlar yeni parklar, yaşıllıqlar artsa da, köhnə parkların durumu ürəkaçan deyil”
Ekoloq Telman Zeynalov bildirdi ki, son vaxtlar yeni parklar, yaşıllıqlar artsa da, köhnə parkların durumu ürəkaçan deyil. Ekoloqun sözlərinə görə, yay aylarında ağacların budanması onları məhvə aparır: “Səlahiyyətli qurumlar parkları dirçəltməli, genişləndirməlidir. Yayda ağac budamaq o deməkdir ki, sən onları qurudursan, ölümünə şərait yaradırsan”.
Günel CƏLİLOVA