Təhsil naziri Emin Əmirullayev sentyabrın 7-də keçirdiyi mətbuat konfransında bildirib ki, məktəblərdə 5 günlük dərs qrafiki olacaq. O, həmçinin vurğulayıb ki, bəzi təhsil müəssisələrində isə 6 günlük qrafik olacaq. Yəni şagirdlər həftənin şənbə günləri də dərsə gedəcəklər.
Məlum olduğu kimi, pandemiya ilə əlaqədar olaraq ölkəmizdə karantin rejimi qüvvədədir və həftənin şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Şənbə günü ictimai nəqliyyat işləmirsə, şagirdlər və müəllimlər dərsə necə gedəcəklər?
“Bu məsələdə təkcə Bakı Nəqliyyat Agentliyi deyil, Təhsil Nazirliyi də rol oynamalıdır”
Tanınmış təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə bildirdi ki, şənbə günləri ictimai nəqliyyatın işləməsinə məhdudiyyət qoyulsa da, çox güman, şagird və müəllimlərin daşınması üçün xüsisi nəqliyyat vasitəsi ayrılacaq: “Yəqin ki, sırf şagird və müəllimlərin daşınması üçün hansısa müvafiq qərar verilə bilər. Bu qərara əsasən də BNA tərəfindən bu məqsədlə müəyyən avtobuslar ayrılar. Bundan əlavə, 6 günlük dərs qrafiki tətbiq olunan məktəblərdə şənbə günləri şagirdlər həm də taksi xidmətindən yararlanacaqlar. Bu məsələdə isə artıq valideynlərin özləri konkret addım atacaq. Bu da valideyn üçün əlavə xərc deməkdir. Çox yaxşı olardı ki, Bakı Nəqliyyat Agentliyi şənbə günləri sırf şagirdlərin daşınması üçün avtobuslar ayırmasını nəzərdə tutsun. Bu məsələdə təkcə Bakı Nəqliyyat Agentliyi deyil, Təhsil Nazirliyi də rol oynamalıdır. Yəni razılığa gəlinməlidir ki, bu məsələ gerçəkləşsin”.
İradə SARIYEVA