İndi Lerik rayonunun elə bir dağ kəndi yoxdur ki, orada bir-iki dükan olmasın. Əksəriyyəti şəxsi evlərin alt mərtəbəsində, yararsız otaqlarda yerləşən dükanlarda adamları aldatmaq daha rahat olur.
Müasir dövrün tacirləri hətta siçan dişləmiş ətdən hazırlanmış ərzaqları da müştəriyə sarmağı bacarırlar. Bir də kənd dükanlarında heç vaxt ərzaq qıtlığı yaranmır. Dükanlarda gündəlik lazımi hər növ ərzaq tapa bilərsən. Qaldı ki, bu bolluqda heç vaxt təzəsinə rast gəlmirsən. Hamısı iri şirkətlərin atılmış və vaxtı keçmiş ərzaqlarıdır. Qiymət də hər gün qaldırılır. Şəhərdə olan 1 manat 30 qəpiklik qənd tozu indi kənd dükanların əksəriyyətində 2 manata satılır. Undan olan ərzaqların qiyməti isə iki dəfədən çox qaldırılıb. Yağlara, spirtli içkilərə, növ-növ çaylara yaxın düşmək hər adamın işi deyil. Apteklərin dərman işini də hazırda kənd dükanları görür..
Elə kənd dükanı var ki, 30 ildir adamlar orada soyulur. Nəzarətsiz fəaliyyət göstərdiyi üçün sahibləri istədiyini edən bilirlər. Rayonun dağ kəndlərdə bu məsələ ilə bağlı kimi dindirsən yalnız bu sözləri eşidərsən: - Özbaşına təşkil olunmuş kənd dükanların işi “Xəlvəti dərədə tülkü bəylik edir” məsələsinə bənzəyir. Dükançılar o qədər yığıblar ki, böyük bir kəndi öz əsarətində saxlaya bilirlər. Kəndlərdə ən sərfəli torpaq yerlərini, bulaqları da zəbt etmişlər. Onlarla alver etməsən, hətta səni günlərlə susuz da qoya bilirlər. Əvvəllər gündəlik tələb olunan ərzaq məhsullarını şəhərdən alardıq. Marşrut xətləri bağlanan gündən kənd dükanlarına möhtac olmuşuq. Onlar da pul görəndə bütün abır-həyalarını unudurlar. Vaxtı keçmiş mallarını qat-qat baha satmaq üçün nə qədər qəribə olsa da, hərc-mərclik yaradır və bəd əməllərini həmişə dövlətin adı ilə bağlayırlar...
Hələlik isə özündən başqa heç kimi düşünməyən, əsas məqsədi şəxsi bizneslərini haram yolla qorumaq və inkişaf etdirmək olan bu kənd tacirlərinin qarşısını alan səlahiyyətli bir təşkilat tapılmır...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü