Ərazisinə görə Abşeron rayonunun ən böyük 5-ci qəsəbəsi olan, Bakıdan 54 km aralıda Xəzər dənizinin sahilində yerləşən Nübar yaşayış massivinin sakinləri infrastrukturun olmamasından narazılıq edir. Sakinlərin bildirdiyinə görə, uzun illərdir ki, yolun olmamasından əziyyət çəkirlər. Həmçinin, ərazidə su gəlmir.
Qəsəbə sakinləri su ehtiyaclarını təmin etmək üçün maşınlardan su alırlar. Bu isə büdcəyə sərf etmir: “Qazandığımız elə su maşınlarına gedir. Su maşınları isə suyu camaata 30-35 manata satır. Hər ay azı 3 maşın su alırıq. Yaşayış massivinin təxminən 3000-ə yaxın sakini olmasına baxmayaraq, qəsəbənin kommunal problemləri həll edilməyib”.
Sakinlərin dediyinə görə, problemin həll olunması ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, onlara hər hansı bir cavab verilməyib.
"Azərsu" ASC - Anar Cəbrayıllı: “Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərinin hər birində mərkəzləşdirilmiş içməli su şəbəkəsinin qurulması planlaşdırılır”
Nübar yaşayış massivində su problemi ilə bağlı "Azərsu" ASC-nin mətbuat sözçüsü Anar Cəbrayıllı bildirdi ki, adıçəkilən ərazinin bir hissəsində su var, digər hissəsinin sakinləri isə su tələbatını fərdi qaydada həll edir: “Baş planda Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərinin hər birində mərkəzləşdirilmiş içməli su şəbəkəsinin qurulması planlaşdırılır. Bu mərhələli şəkildə həyata keçiriləcək”.
Hökməli bələdiyyəsi - Ramil Orucov: “Nübar qəsəbəsi yeni yaşayış massivi olduğundan, bu ərazinin abadlaşdırılması, infrastrukturun yaxşılaşdırılması mərhələli şəkildə həyata keçirilir”
Hökməli bələdiyyəsinin sədri Ramil Orucov yaşayış massivinin yol problemi ilə bağlı bildirdi ki, Nübar qəsəbəsi yeni yaşayış massivi olduğundan, bu ərazinin abadlaşdırılması, infrastrukturun yaxşılaşdırılması mərhələli şəkildə həyata keçirilir. Bələdiyyənin daxili imkanları hesabına bəzi abadlıq işləri görülüb, məhəllədaxili yollara çınqıl döşənib: “Yolların astfaltlanması ilə bağlı layihə hazırlanıb aidiyyatı quruma təqdim olunub. Dövlət tərəfindən vəsait ayrıldıqda Nubar və At yalı yaşayış massivlərini birləşdirən 2 kilometrə yaxın uzunluqda baş yolun asfaltlanması nəzərdə tutulub”.
Günel CƏLİLOVA