Son zamanlar uşaqlar arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan xəstəlik yayılır. Valideynlər həkim müdaxiləsi olmadan infeksion xəstəliyə qalib gəlməyin mümkün olmadığını qeyd edirlər. Sadalanan əlamətlərlə xəstəxanalara da xeyli müraciətin olduğu deyilir.
Uşaqlarda koronavirus infeksiyasının da bu əlamətlərlə ortaya çıxdığını nəzərə alsaq, azyaşlıların da bu halda COVID-19 testi verməli olduqları bildirilir. Araşdırmalar zamanı məlum olub ki, son zamanlar uşaqlar arasında qeydə alınan narahatlıq COVİD-19 virusu ilə bağlıdır. Yoluxanların ən kiçiyi dörd aylıqdır, ən böyüyünün isə 16 yaşı var. Uşaqlarda koronavirus müxtəlif simptomlarla görülə bilər. Bəzilərində klinik əlamətlər olmasa da, bəzilərində kəskin yuxarı tənəffüs yollarının infeksiyası simptomları ola bilər.
Qeyd etdiyimiz kimi, koronavirus artıq uşaqları da hədəf alır. Belə bir vəziyyətdə azyaşlı uşaqları necə qorumaq olar?
“İstənilən yaş aralığında olan uşaqlarda COVID əlamətləri ilə yanaşı, həm də mədə-bağırsaq traktının zədələnməsi müşahidə olunur”
Həkim pediatr Aynur Əliyeva bildirdi ki, istənilən yaş aralığında olan uşaqlarda COVID əlamətləri ilə yanaşı, həm də mədə-bağırsaq traktının zədələnməsi müşahidə olunur: “Mövsümi mədə-bağırsaq xəstəliklərindən fərqləndirmək üçün COVID-in ilkin əlamətləri görünən kimi test vermək lazımdır. İlk növbədə COVID haqqında düşünməliyik və müalicə aparmalıyıq ki, ağırlaşma olmasın”.
Həmsöhbətimizin sözlərinə görə, aşağı yaş kateqoriyasından olan uşaqlarda yoluxma daha çox valideynlərdən keçir. Yalnız valideynlərin erkən müraciəti əsasında bu virusun qarşısını almaq mümkündür: “Valideynlər özlərini peyvənd olunaraq, uşaqlarını isə sanitar-gigiyenik qaydalara riayət etməklə qoruya bilərlər. Uşaqlarda hərarəti aşağı salmaq üçün kimyəvi dərmanlardan istifadə etmək əvəzinə, valideynlər daha çox təbii vasitələrdən yararlana bilərlər. Belə vasitələrdən ən effektlisi ilıq su ilə mütləq uşağın boyun ətrafı nahiyələrini, alını, qol və ayaqlarda olan bükükləri yumaq və ya islaq dəsmalla silməkdir. Bu zaman suya sirkə və spirt damcısı əlavə etmək də hərarətin tez düşməsinə yardım edə bilir. Eyni zamanda tez-tez maye qəbulu da müsbət sayılır. İshal və qusma zamanı uşaqlarda iştahasızlıq yarana bilir. Bu zaman valideynlər uşaqları məcburi yedirtməməlidirlər. Əks halda bu, xəstəliyin daha da ağırlaşmasına gətirib çıxara bilər. Çünki ishal zamanı mədə-bağırsaqlarda olan infeksiya aktivləşir və biz həmin mədəni yeməklə yüklədikdə həmin virusların təmizlənməsinin qarşısını almış oluruq”.
Günel CƏLİLOVA