İstifadə etdiyimiz dərmanların əlavə təsirləri qaçılmazdır. El arasında da deyildiyi kimi, dərman içib bir yerimizi sağaldırıqsa, başqa bir orqanımıza ziyan vururuq. Təbii ki, dərmanlarsız ciddi xəstəlikləri sağaltmaq mümkün olmadığı üçün, bizə düşən keyfiyyətli dərmanlardan istifadə etməkdir. Bu gün isə dərman bazarında o qədər çox çeşid var ki, istehlakçı hansının daha keyfiyyətli olduğunu bilmir.
Açıqlanan statistik məlumatlara əsasən, bu il 36 nəfər dərmandan zəhərlənib. Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov media nümayəndələrinə açıqlamasında deyib ki, dərmandan zəhərlənənlərin 9-u uşaq olub. Dərmandan zəhərlənənlər arasında ölüm halları baş verməyib: “Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu da sonda zəhərlənmə ilə nəticələnir. Bizim xəstələrlə söhbətimizdə də onlar dərmanın dozasını həkimin dediyindən daha artıq qəbul etdiyini söyləyirlər. Müraciət edənlər əsasən antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar”.
“...mənşəyi bilinməyən, keyfiyyət parametrləri məlum olmayan dərman preparatları ilə doludur”
Dərman zəhərlənməsi barədə fikir bildirən tibbi ekspert, professor Adil Qeybulla qeyd etdi ki, Azərbaycan bazarı haradan olsa gətirilən, mənşəyi bilinməyən, keyfiyyət parametrləri məlum olmayan dərman preparatları ilə doludur. Keyfiyyətinin necə olduğu bilinməyən dərmanlardan zəhərlənmələr də ola bilər. Dərman maddələrinin reseptsiz satılması da problemdir: “Dünyanın heç bir yerində bizim əczaxanalardakı kimi reseptsiz dərman ala bilməzsiniz. Bundan başqa, xəstələrin çoxu özünümüalicə ilə məşğul olur. Dərman haqqında qonşudan eşidir və gedib əczaxanadan alır və özünü müalicə edir. Bu vəziyyətdə zəhərlənmə və digər ağırlaşmalar da mümkündür”.
A.Qeybullanın sözlərinə görə, dərmanların xəstələrə reseptsiz verilməsinə yol verilməməlidir. Bu sahədə də xeyli boşluq var. Nə qədər ki, bunlar qaydaya düşməyib, Qərb standartlarına uyğun şəkildə həllini tapmayıb, bu problemlərlə üz-üzə qalacağıq: “Keyfiyyət parametrləri müəmmalı olan dərmanlardan zəhərlənmə də, ölüm halı da mümkündür. Dərmana həm də dərman əlavəsi daxildir. Bu dərman əlavəsi dad verir, strukturu müəyyənləşdirir və s. Bunların da keyfiyyətli olması və orqanizmə təsirsiz olması mühüm şərtdir. Nəzərdə saxlamaq lazımdır ki, dərman əlavələri orqanizmə konsoregen təsir göstərə bilər”.
Günel CƏLİLOVA