Koronavirusla bağlı Rusiyada hazırlanan vaksinin tətbiq ediləcəyi tarix açıqlanıb. Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib ki, vaksin yüksək risq qrupundakı insanlara noyabr-dekabr aylarında vurula bilər.
Qeyd edək ki, bir qədər əvvəl ölkənin Baş nazirinin müavini Tatyana Qolikova bildirmişdi ki, Rusiyanın koronavirusa qarşı hazırlayaraq qeydiyyata aldığı peyvəndlə bağlı 27 ölkənin müraciəti var. Qolikova qeyd edib ki, burada peyvəndlə bağlı əməkdaşlığın müxtəlif formalarından söhbət gedir, onların arasında kliniki sınaqlar, peyvənd alışı, xarici ölkələrdə istehsalın dəstəklənməsi və s. məsələlər var.
Rusiya Xarici İşlər Nazirliyinə müraciət edən ölkələr arasında Azərbaycan da var. Həmçinin, Belarus, Venesuela, Braziliya və Qazaxıstan da peyvəndlə bağlı Rusiyaya müraciət ediblər.
Onu da qeyd edək ki, yerli mütəxəssislər Rusiyadan vaksin almağı tövsiyə etmirlər.
“Vaksinin effektlilik və təhlükəsizlik kimi iki parametri xüsusi nəzərə alınmalıdır”
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, vaksini ilk olaraq ÜST qəbul etməlidir: “Birincisi, vaksini ÜST qəbul etməlidir. Qurum araşdırmalıdır ki, icad olunan vaksin standartlara uyğundur, ya yox? İnsanlar üzərində tətbiq etdikdə yan təsirləri olacaqmı? Rusiyanın vaksini tapması hələ heç nə demək deyil. Hər şey ÜST-in açıqlamasından asılıdır. ÜST vaksini qəbul etdikdən sonra onun doğru müalicə üsulu olduğu bəlli olacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan Rusiyadan koronavirus infeksiyasına təsir edən arbidol preparatı alıb. Amma onun qeyd etməsinə görə, bu preperatın təsirini bilən olmadı: “Bu dərmanı əhaliyə boş yerə sırıdılar. İndi də vaksindən söhbət gedir. Məsələ burasındadır ki, vaksin ÜST tərəfindən qəbul edilməlidir, ən əsası, bunun effektlilik və təhlükəsizlik kimi iki parametri xüsusi nəzərə alınmalıdır. Düzü, bu vaksin məsələsinə bir illüziya kimi baxıram və hesab edirəm ki, Rusiyadan qətiyyən vaksin almalı deyilik. ÜST bunu tövsiyə edərsə, o zaman müzakirə mövzusu ola bilər”.
Günel CƏLİLOVA