Yeni tədris ili yaxınlaşdıqca, valideynlərin müəyyən narahatlıqları da artır. Onları narahat edən əsas məsələ məktəbli geyimləri ilə bağlıdır. Valideynlər Təhsil Nazirliyinin və orta ümumtəhsil məktəblərinin bununla bağlı hansı qərar verəcəyini gözləyirlər.
Qeyd edək ki, Təhsil Nazirliyindən 2020-2021-ci tədris ilində hər bir məktəbin özünün ayrıca məktəbli formalarının olacağını, hətta bununla bağlı nazirlikdə işçi qrupu yaradıldığını bildirilirdi. Hətta nazirliyin saytında bu barədə ictimai müzakirələrə də start verilib. Nazirlik məktəbli geyimləri ilə əlaqədar bir neçə eskiz layihəsinin hazırlanacağını və məktəbli formalarının tikilməsinin eskizlərin gerçəkləşdirilməsi üçün elan ediləcək müsabiqəni qazanan tikiş evlərinə həvalə ediləcəyini bildirirdi.
Bu il orta ümumtəhsil məktəblərinin hər birinin xüsusi geyim forması olacaqmı? Valideynlər məktəbli formalarını necə və haradan əldə edə biləcəklər?
“Bu tədris ilində məktəblilər yenə də “Bakı Tikiş Evi”nin məktəbli geyimlərini ala bilərlər”
Sorğumuza Təhsil Nazirliyindən cavab ala bilmədik. Amma indiyə qədər ölkə şagirdlərinin böyük əksəriyyətini məktəbli geyimləri ilə təmin edən “Bakı Tikiş Evi” ilə əlaqə saxladıq. “Bakı Tikiş Evi”nin satış şöbəsinin müdiri Etibar Əzimov “Bakı-Xəbər”ə bildirdi ki, 2020-2021-ci tədris ili üçün nəzərdə tutulan məktəbli geyimləri layihəsi pandemiya səbəbindən gerçəkləşməyib. “Təəssüf ki, koronavirus pandemiyasına görə bu tədris ili üçün nəzərdə tutulan yeni məktəbli formaları ilə bağlı layihə gerçəkləşdirilə bilmədi. Yəni bu il koronavirus səbəbindən hər məktəbin özünün ayrıca geyim forması olmayacaq. Bu işi “Bakı Tikiş Evi” yox, Təhsil Nazirliyi həyata keçirməli idi, lakin pandemiya üzündən bu iş gerçəkləşməyib hələ. Bütün işlər yarımçıq qaldı. Bu tədris ilində məktəblilər yenə də “Bakı Tikiş Evi”nin məktəbli geyimlərini ala bilərlər. Bizim mağazalarımız artıq fəaliyyət göstərir və valideynlər gəlib geyimlər alırlar” - deyə E.Əzimov vurğuladı.
İradə SARIYEVA