Azərbaycana gətirilən tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar 15 faiz idxal gömrük rüsumundan azad edilib. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Qərara əsasən, tibbi maskaların 1 ədədinə isə 0,03 dollar idxal gömrük rüsumu tətbiq olunacaq.
Maraqlıdır, xammal üçün gömrük rüsumlarının ləğv edilməsindən sonra tibbi maskaların qiymətində ucuzlaşma yaşanacaqmı? Tbbi maskaların ucuzlaşması mümkündürmü?
“Tibbi maskaların qiymətinin azaldılmasına dair mümkün olan imkanlara baxılmalıdır”
Məsələ ilə bağlı fikir bildirən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, maskaların istehsalı ilə bağlı xammalın rüsumlardan azad edilməsi yaxşı haldır: “Rüsumlar maskaların maya dəyərinə və xərcinə təsir göstərən əsas faktorlardan biridir. Xammal tibbi maskaların istehsalında əsas xərc maddələrindən biridir. Ümumiyyətlə, maskaların qiymətinin optimallaşdırılmasının tərəfdarıyıq. Hətta ehtiyac olarsa, bu istiqamətdə müəyyən subsidiyalar ayırmaqla tibbi maskaların qiymətinin enməsi məqsədəuyğundur”.
Həmsöhbətimiz hesab edir ki, tibbi maskaların qiymətinin azaldılmasına dair mümkün olan imkanlara baxılmalıdır. Bu istiqamətdə dövlət dəstəyinin daha da artırılması da təklif olunur: “Nəzərə almaq lazımdır ki, növbəti aylarda pandemiyanın davam edəcəyi gözlənir. Ona görə maskaların qiymətinin azalması məqsədəuyğundur”.
Müsahibimizin dediyindən belə aydın oldu ki, pandemiya hələ davam edəcəyi üçün tibbi maskaların qiyməti ucuzlaşsın. Qeyd edək ki, əksər ölkədə tibbi maskaların satış qiyməti olduqca ucuzdur, hətta bəzi yerlərdə isə əhaliyə tibbi maska pulsuz paylanır.
Günel CƏLİLOVA