Şirvan şəhərində Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinin rəisinə hücum edilib.
Bu barədə “Trend”ə Səhiyyə Nazirtliyindən məlumat verilib. Məlumatda bildirilir ki, 01.09.2020-ci il tarixdə, gecə saatlarında VAZ-2106 markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Qiyaslı Orxan Yaşar oğlu Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qəza törədib, sürücü hadisə yerində vəfat edib. Mərhumun meyiti məhkəmə-tibbi müayinə məqsədilə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinin meyitxanasına aparılıb.
Sentyabrın 1-i səhər saatlarında mərhumun yaxın adamları - Sabirabad rayonunun Qaragünə kənd sakinləri Birliyin Şirvan şəhər şöbəsinə gələrək meyitin morqa gətirilməsinə aqressiv şəkildə iradlarını bildirib, meyitin müayinə olunmaması tələbilə şöbə əməkdaşlarını, xüsusilə də şöbənin rəisi – məhkəmə-tibb eksperti Eldar Məmmədovu təhqiramiz ifadələr və küçə söyüşləri ilə təhqir edərək ona zor tətbiq edib, bədən xəsarəti yetirib. Hadisə zamanı orada iştirak edən Daxili İşlər Nazirliyinin təhqiqatçısı və digər polis əməkdaşlarının köməyilə aqressiv şəxslər meyitxanadan çıxarılıb və daha ağır hadisələrin baş verməsinin qarşısı alınıb.
Baş vermiş hadisəyə hüquqi qiymət verilməsi məqsədilə Şirvan Şəhər Prokurorluğuna müraciət edilib.