Dünyada yüzminlərlə insanın həyatına son qoyan koronavirus uşaqlar arasında da geniş yayılmağa başlayıb. Hətta pandemiyanın nadir simptomları müşahidə edilən uşaqlar arasında ölənlər də var. Təbii ki, virusun uşaqlar arasında da geniş vüsət alması valideynləri narahat edən və həkimləri ən çox düşündürən problemlərdən biridir.
Koronavirusun yayıldığı ilk aylarda xarici mütəxəssislər bu xəstəliyə uşaqların deyil, yalnız orta və yaşlı nəslin nümayəndələrinin yoluxduğunu deyirdilər. Ancaq sonradan koronavirusa yoluxanlar arasında uşaqların olması da qeydə alındı. Düzdür, statistik rəqəmlərdə böyüklər üstünlük təşkil edir. Ancaq uşaqların da bu xəstəliyə yoluxması təəssüf doğurur.
Açıqlanan son statistik məlumatlara əsasən, Azərbaycanda koronavirusa yoluxanlardan 0-9 yaş arasında olanlar 5 faiz, 10-19 yaş arasında olanlar 6 faizdir.
Ancaq xarici ölkələrdə koronavirusa yoluxanlar arasında uşaqlar üstünlük təşkil edir. Belə ki, ABŞ-ın yalnız Nyu-York ştatında 100 uşaqda kavasaki xəstəliyinə xas olan simptomlar aşkar olunub, bir neçə uşaq həlak olub. Mütəxəssislər bunu koronavirusla əlaqələndirirlər. Uşaqların əksəriyyətində koronavirus infeksiyası və ya koronavirusa qarşı anticismlər aşkar olunub. Həmçinin, oxşar hallar Böyük Britaniya, Fransa və bir çox digər Avropa ölkəsində yaşayan uşaqlarda qeydə alınıb.
“Uşaqların əksəriyyəti bu virusdan heç bir simptom olmadan qurtula bilsə də, bəzilərində…”
Pediatr Aynur Əliyeva bildirdi ki, uşaqların koronavirusdan təsirlənməməsi haqqında yayılan məlumatlar yanlış və ya natamam idi. Onlar da böyüklər kimi bu infeksiyaya yoluxurlar, lakin böyüklərlə müqayisədə virusun uşaq orqanizminə təsiri özünü zəif göstərir: “Yəni xəstəliyin ağır formaları uşaqlarda daha az görünür, reanimasiyaya yerləşdirməyə ehtiyac olmur. Uşaqlar arasında koronavirusdan ölüm hallarına nadir rast gəlinir. Digər viral infeksiyalarda olduğu kimi, koronavirus da orqanların fəaliyyət sisteminə birbaşa təsir edə bilir. Uşaqların əksəriyyəti bu virusdan heç bir simptom olmadan qurtula bilsə də, bəzilərində boğaz ağrısı, burun axıntısı, hərarətin yüksəlməsi, öskürək, yuxarı tənəffüs yollarının infeksiyası, halsızlıq və s. qarşılaşırıq. Koronavirusa yoluxan uşaqların bəzilərində çox nadir hallarda ağırlaşma müşahidə edirik. Həmin uşaqlarda xəstəlik yüksək hərarət, tənəffüs çatışmazlığı, quru öskürək, bəlğəm və aşağı tənəffüs yollarının infeksiyası şəklində özünü göstərə bilir. Hətta bəzi uşaqlarda virus özünü akut qastroenterit (ishal), qarın ağrısı və qusma simptomları ilə büruzə verir. Hazırda bəzi ölkələrdə xəstəlik uşaqlarda sadaladığım əlamətlərlə yanaşı, uzunmüddətli yüksək hərarət, bədəndə açılmalar, dəridə və ağızda yaralar, eyni zamanda, gözdə, dəridə qabarıqlar və sümüklərdə ağrılarla müşayiət olunur. Ona görə də bunu yeni xəstəlik də hesab edirlər. Əslində, bu əlamətlər uzun illərdən bəri tibbə məlum olan kavasaki xəstəliyinə bənzəsə də, bir sıra göstəricilərinə görə fərqlənməkdədir. Hətta virus bəzi simptomlarına görə bir çox uşaqda müəyyən vaxtlarda ortaya çıxan xəstəliklərə bənzəsə də, çox fərqlidir və bu baxımdan diaqnoz qoyarkən çox diqqətli olmağı zəruri edir. Ümumilikdə, daha çox iltihabla müşayiət olunan bu hallarda ciddi həkim müalicəsi tələb olunur. İltihabın geniş yayılmaması üçün tez bir zamanda müdaxilə olunmalı, həmin uşaqların həkimləri tərəfindən müayinəsi və müalicəsi aparılmalıdır”.
Günel CƏLİLOVA