“İctimai Problemlərin Tədqiqi Assosiasiyası” (İPTA) Quba qalası ilə bağlı layihənin icrasını davam etdirir.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının Mətbuat Xidmətindən “Bakı-Xəbər”ə bildirildiyinə görə, layihənin həyata keçirilməsində hazırki pandemiya şəraitinin yaratdığı bir sıra çətinliklər, xüsusilə də rayonlara gediş-gəlişin qadağan edilməsi, arxiv və kitabxanaların işləməməsi ciddi manelər yaradır. Bununla bağlı assosiasiya layihədə şəraitə uyğun olaraq bir sıra dəyişiklər etməyə məcbur olub. Məsələn, Quba şəhərində sakinlərin iştirakı ilə keçirilməsi nəzərdə tutulan seminarın internet televiziyaların birində onlayın keçirilməsi planlaşdırılır. Bundan başqa, Quba qalası ilə bağlı çoxlu sayda informasiya toplanmasına baxmayaraq, yekun hesabatın arxiv və kitabxanaların işinin bərpa olunmasından, bəzi elmi materialların təhlil edilməsindən sonra yazılması nəzərdə tutulur.
Bütün bunlara baxmayaraq, layihə çərçivəsində bugünə qədər xeyli işlər görülüb. Bunlarda çar Rusiyasının müstəmləkəçi siyasətinə uyğun olaraq 1870-ci ildə qısa müddətə sökülmüş qala haqqında elmi faktlar toplanıb, onun təxmini yeri müəyyən edilib, qalanın ölçüləri dəqiqləşdirilib. Layihənin rəhbəri, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, hazırda toplanmış materiallar əsasında ruslar tərəfindən sökülmüş Quba qalasının layihəsinin mütəxəssislər tərəfindən hazırlanması prosesi həyata keçirilir. Bu işlər başa çatdıqdan sonra, təxminən sentyabr ayının ortalarında Quba qalasının layihəsi ictimaiyyətə təqdim ediləcək”.
Məlumat üçün qeyd edək ki, Azərbaycanın qədim tarixi və mədəniyyət mərkəzlərindən biri olan Quba şəhərinin mərkəzində1747-ci ildə Hüseynəli xan Qubalı tərəfindən inşa edilmiş qala ruslar tərəfindən sökülüb və hazırda yerüstü görüntüləri qalmayıb. Lakin qalanın koordinatlarını müəyyən etmək mümkün olub və qaladan kənara çıxan yeraltı yolların qalıqları haqqında informasiyaların dəqiləşdirilməsi işləri aparılır.
Layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilir.