“…Ölkəmizdə 900 mindən çox test keçirilib. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bu da təbiidir, nə qədər çox test keçirirsən, o qədər də çox yoluxma halları aşkarlanır. Bizim əsas məqsədimiz və vəzifəmiz məhz bundan ibarətdir ki, bütün yoluxanlar müayinədən keçirilsin və onlara vaxtında tibbi xidmət göstərilsin”.
Bu fikirləri Prezident İlham Əliyev avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında bildirib.
Ekspertlər qeyd edirlər ki, Azərbaycanda keçirilən koronavirus testlərinin sayının 900 mini keçməsi müsbət haldır. Onların fikrincə, elə ölkələr var ki, orada, ümumiyyətlə, testlərin keçirilməsi prosesi çox zəifdir. Azərbaycan COVID-19 testinə görə Gürcüstan, Ermənistan, bir çox Orta Assiya ölkəsindən irəlidədir. Mütəxəssislərin verdiyi məlumata görə, əhalisinin 50 min nəfərə yaxını koronavirusa yoluxan və bu səbəbdən 1000-ə yaxın insanın həyatını itirdiyi Ermənistanda, ümumilikdə, 1000-1500 test aparılıb. Ermənistanın aparılan testlərinin sayını şişirtdiyini deyən ekspertlər hesab edirlər ki, aparılan testlərin hamısı pozitiv çıxıb. Gürcüstanda koronavirusla bağlı keçirilən testlərin sayının isə 283 min olduğu qeyd edilir. ABŞ-da pandemiyanın əvvəlindən indiyədək 60 milyondan çox koronavirus testi keçirilib.
Qeyd edək ki, ABŞ-da indiyə qədər 4 milyon 747 mindən çox insan COVID-19 infeksiyasına yoluxub, 157 min 396 xəstə həyatını itirib. Son günlər Rusiyada 259 min koronavirus testi aparılıb. Ölkə əhali sayına görə dünyada 10-cu yerdə olan Rusiyada aparılan testlərin sayı az deyil.
“Bir sıra ölkələr var ki, orada keçirilən test sayı əhali sayının ümumi nisbətinə görə çox aşağıdır”
Azərbaycanda aparılan testlərin ölkə əhalisinin böyük faizini əhatə etdiyini deyən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbəri, professor Nəsib Quliyevin sözlərinə görə, ölkəmizdə 10 milyon 100 min əhali var və aparılan testlər hər 10 nəfərdən birini əhatə edir: “Keçirilən testlər bizdə əhalinin hər on nəfərindən birini əhatə edir, bunun özü də müsbət göstəricidir. Amma elə ölkələr var ki, orada testlərin aparılması çox cüzi səviyyədədir. Azərbaycanda 900 mindən artıq insanda koronavirus testlərinin aparılması özü çox yaxşı göstəricidir. Bu da onu göstərir ki, Azərbaycan koronavirusa görə testlər keçirən ən qabaqcıl ölkələrin sırasında yer alır. Bir sıra ölkələr var ki, orada keçirilən test sayı əhali sayının ümumi nisbətinə görə çox aşağıdır. Elə ölkələr də var ki, test keçirilməsi bütün əhalini əhatə edir. Məsələn, Cənubi Koreya, Yaponiya, qismən də Çin kimi ölkələr əhalinin böyük qismini testlə əhatə edə biliblər. Bilirsiniz, koronavirus dinamik bir prosesdir. Bunu, bütövlükdə, birmənalı qiymətləndirmək olmur. Ona görə ki, bu gün test keçirilən insanlar sağlam olar, onlarda xəstəlik olmaz, amma bir həftədən sonra yoluxacaq, onda gərək həmin şəxslər təkrar test edilsinlər. Bu səbəbdən də test məsələsi dinamik prosesdir. O daha çox əhəmiyyətlidir, dinamikada nə qədər test qoyulur. Görürsünüz ki, Türkiyədə yoluxma artdıqca, testlərin sayını da artırırlar, bir gündə 200 mini keçdilər. Yəni xəstəliyin dinamikasına uyğun olaraq, testlərin sayı ya artırılır, ya da azaldılır. Xəstələnmə yoxdursa, 50-100 min test aparmağın mənası yoxdur”.
N.Quliyev vurğuladı ki, təhlükə çoxalanda testin sayını artırmaq, azalanda isə azaltmaq lazımdır. “Yəni epidemioloji vəziyyət nəzərə alınmaqla testin sayını idarə etmək lazımdır” - deyə N.Quliyev bildirdi.
İradə SARIYEVA