Sentyabrın 15-dən təhsil və təlim prosesi bərpa olunacaq. Bu, müəyyən şərtlər daxilində və ölkədəki epidemioloji vəziyyət nəzərə alınmaqla təşkil ediləcək. Koronavirusla mübarizə məqsədilə məktəbə gedəcək şagird və müəllim heyəti mütləq tibbi maska taxmalıdır. Etiraf edək ki, müəllimlər tibbi maskadan istifadə edəcəklər. Ancaq şagirdlərin tibbi maska taxması sual doğurur.
Şagirdlər var ki, onlara maska taxdırmaq çətin olacaq. Tədris müəssisələri qapalı məkan olduğu üçün məktəblilərin tibbi maska taxmasına necə nəzarət olunacaq?
Təhsil nazirinin müşaviri Rüstəm Ağayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxış edərək bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, 12 yaşdan aşağı uşaqların maska taxılması valideynlərin ixtiyarına verilib.
“Məktəbdə dərs saatlarında maskada oturmaq çətindir, amma, bütün hallarda, qaydalara əməl edilməlidir”
Baş infeksionist Cəlal İsayev bildirdi ki, yaşından asılı olmayaraq, hər bir məktəblinin maska taxması yaxşı olardı: "Bilirsiniz ki, məktəblər də qapalı məkandır və belə yerlərdə xəstəliyin yayılma risqi qat-qat çoxdur. Camaat 12 yaşında gedib kəşflər edir. ÜST tövsiyə edirsə, maskanı taxmaq vacibdir. Uşaqların bu vərdişlərə yiyələnməsi üçün lazımi tədbirlər də görülməlidir. Valideynlər, müəllimlər bu sahədə işləməlidirlər. Bu gün şahidi oluram ki, bəzi marketlərdə nə işçilər, nə də müştərilər maskalardan istifadə edir. Təəssüf ki, onlara irad bildirdikdən sonra qaydalara riayət etməyə başladılar. Tədris müəssisələri qapalı məkanlar olduğu üçün koronavirusun yayılma risqi var. Amma bu, insanların qaydalara, tövsiyələrə əməl etməsindən asılıdır. Doğrudur, məktəbdə dərs saatlarında maskada oturmaq çətindir, amma, bütün hallarda, qaydalara əməl edilməlidir. Ümumiyyətlə, 12 yaşdan yuxarı məktəblilərin dərs davamiyyəti tibbi maska ilə olmalıdır. Sinif müəllimləri bu işdə xüsusi səy göstərməlidirlər”.
Günel CƏLİLOVA