“Bəzi Avropa ölkələrində xəstələrin sayında kəskin artım bizi düşündürür və bizi addımların daha ehtiyatla atılmasına sövq edir. Çünki bir daha demək istəyirəm ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarsa, - mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik və bu, real nəticələrdə öz əksini tapır, - belə olan halda, hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün, əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir”.
Bunu avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edərkən deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanda vəziyyətə uyğun şəkildə atılan addımlar öz səmərəsini verir: "Karantin rejimi öz səmərəsini verir və bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karantin məhdudiyyəti aradan qaldırılıb. Ancaq böyük şəhərlərdə bu, qalıb və hamımızdan asılıdır ki, biz daha inamla və daha qısa müddət ərzində əlavə yumşaldıcı addımlar ataq".
Qeyd edək ki, ölkə başçısı hər zaman ölkədə baş verən istənilən hadisəyə vətəndaşların hansı mövqedən yanaşmasını görür. Eynilə, son zamanlar koronavirusla mübarizədə vətəndaşların məsuliyyətli davranması da Prezidentin diqqətindən yayınmayıb.
“...dövlətimiz koronavirusla mübarizə məsələsini ciddi nəzarətdə saxlayır”
Prezidentin vətəndaş məsuliyyətinə verdiyi dəyər haqqında fikir bildirən millət vəkili Rüfət Quliyev qeyd etdi ki, koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr qazanılıb: “Hazırda Azərbaycanın yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasında olması bunları təsdiqləyir. Görülən tədbirlərin əsas məqsədi isə insanların sağlamlığının və təhlükəsizliyinin təmin olunmasıdır. Əldə edilən müsbət nəticələr və virusla mübarizədə qazanılan uğurlar göstərir ki, dövlətimiz koronavirusla mübarizə məsələsini ciddi nəzarətdə saxlayır. Təbii ki, vətəndaşlarımız da məsuliyyətlə davranaraq balansın qorunması, virusla mübarizədə birliyin göstərilməsi üçün müəyyənləşdirilən qayda və tövsiyələrə yüksək səviyyədə əməl etməlidirlər. Prezident dəfələrlə öz çıxışlarında koronavirusla mübarizədə vətəndaşların sosial məsuliyyətlərini dərk etmələri, ona uyğun davranmaları haqqında fikirlər bildirib. Sevindirici haldır ki, vətəndaşlar Prezidentin təklif və tövsiyələrinə əməl ediblər. Son günlərin statistikasına nəzər salanda koronavirusa yoluxanların sayının azalmasının şahidi oluruq. Hər bir vətəndaşın sosial məsuliyyətinin artırılmasına ehtiyac var. Vətəndaşlar ətraflarındakı insanlara bu çağırışı etməli, sosial məsuliyyətə əməl etməklə yanaşı, digər insanlara da bunu təşviq etməli, insanları sosial məsuliyyətli olmağa çağırmalıdırlar. Vətəndaşlar bu istiqamətdə öz davranışlarına daha məsuliyyətli yanaşarlarsa, tezliklə koronavirus ölkəmizdə sıfırlanar”.
Son olaraq bildirək ki, bütün dünyanın göstərdiyi təcrübə ondan ibarətdir ki, koronavirusla mübarizə ilə bağlı dövlət siyasəti yalnız o halda müsbət nəticə verir ki, dövlətin həyata keçirdiyi tədbirlər hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsilə tamamlanmış olsun.
Günel CƏLİLOVA