Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonu ictimai nəqliyyat fəaliyyət göstərmir. Həftəsonu ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması nəticəsində insanlar bir sıra çətinliklər yaşamaqdadırlar.
Ailə-məişət və digər şəxsi məsələləri üçün vətəndaşlar taksi xidmətindən istifadə etmək məcburiyyətində qalırlar. Bu zaman isə yaranmış vəziyyətdən istifadə edərək, taksi xidməti ilə məşğul olan şirkət və ya fərdi şəxslər süni şəkildə qiymətləri artırırlar. Həftənin 5 iş günü ərzində taksi ilə eyni yolu gedərkən standart məbləğ deyilir. Ancaq həftəsonu həmin yol üçün müştəridən iki-üç qat artıq pul tələb olunur. Çarəsiz qalan vətəndaş istədiyi məkana getmək üçün taksinin tələb etdiyi məbləği verməli olur.
“…taksi sürücüləri üçün əlverişli oldu”
Məsələ ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, qanunsuz taksi fəaliyyəti göstərənlər süni qiymət artımına yol verirlər: “Həftəsonu ictimai nəqliyyatın dayandırılması taksi sürücüləri üçün əlverişli oldu. Çünki vətəndaşlar harasa getmək üçün taksi sifariş edirlər. Xüsusən də axşam vaxtı. Məhz çoxsaylı sifarişdən sui-istifadə edib qiyməti süni şəkildə qaldıranlar da olur. Aidiyyəti qurumlar bu məsələyə nəzarət etməlidirlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, həftəsonu ictimai nəqliyyatın qadağan olunmasının səbəbi insanların kütləvi toplaşdığı yerləri minimuma endirməkdir: “Bu, çətin olsa da, hər bir təşkilat şənbə və bazar günləri işləyən əməkdaşların işə gəlib-getməsini təşkilatın avtomobilləri ilə, şəxsi avtomobillərlə, bunlar olmasa, taksi xidməti vasitəsilə təmin etməlidir”.
Qeyd edək ki, sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək; 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək; 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək; 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Günel CƏLİLOVA