Bu gün dünyada tüğyan edən yeni növ koronavirus (COVID-19) pandemiyası bir çox sahədə əsaslı çətinliklər yaratmaqdadır. Bir tərəfdən insanlar sağlam qalmaq üçün gözəgörünməz düşmənlə - virusla mübarizə aparır, digər tərəfdən isə dünya iqtisadiyyatı iflas ərəfəsindədir, bəşəriyyət yeni ictimai, iqtisadi və sosial təlatümlər içərisindədir.
Ağlımıza belə gəlməzdi ki, nə vaxtsa bir-birimizlə canlı ünsiyyət qurmaqdan ehtiyat edəcək, həyat dolu günlərimizdən uzaq düşəcəyik. Artıq neçə aydır insanın insandan qaçdığı bir dövrü yaşamaqdayıq. Bütün bu hadisələrin fonunda narahatedici məqamlardan biri də məlum vəziyyətlə bağlı təhsil sahəsində yaşanan çətinliklərdir. 2020-ci il martın 3-də COVID-19 pandemiyasının yayılması səbəbilə ölkədə rəsmi karantin rejimi elan edildikdən sonra bütün təhsil müəssisələri bağlandı. Neçə müddətdir şagird səsinə həsrət qalan məktəblərdə, boş sinif otaqlarında səssizlik hökm sürür.
Qeyd etdiyimiz kimi, pandemiya bütün sahələrə, o cümlədən, təhsil sisteminə də təsirsiz ötüşmədi. Lakin bu çətinliklərin aradan qaldırılması istiqamətində Təhsil Nazirliyinin reallaşdırdığı layihələr, həyata keçirdiyi tədbirlər nəticəsində yaranan problemlərin həllinə müvəffəq olundu. Belə ki, dərslər ənənəvi formada deyil, onlayn formada keçirildi.
Koronavirus epidemiyası tam bitənə qədər distant təhsil hələ davam edəcək. Onlayn tədrisin davamı üçün müəllimlərə güzəştli internet verilib.
Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib ki, özəl şirkətlərlə əldə olunan razılaşmaya əsasən, 40 min müəllimə internet paketlər təqdim olunub.
Müəllimlərə güzəştli internet paketin tədqdim olunması müsbət haldır. Ancaq şagirdlərin internetlə təmini necə olacaq? Nəzərə almaq lazımdır ki, bəzi şagirdlərin internetə çıxışı mümkün deyil. Həmin şagirdlərə güzəştli internet veriləcəkmi?
“Bəzi ərazilərdə məktəblilərin internetə çıxışı çətindir”
Təhsil eksperti Nizami Hüseynov qeyd etdi ki, internet provayderləri pandemiya şəraitini nəzərə alaraq güzəştli təkliflər paketi irəli sürməlidirlər: “Bu sahədə mövcud olan problemlər tədrisin təşkilinə, keyfiyyətinə təsir göstərir. İstər orta, istərsə də ali məktəblərdə çox sayda şagird və tələbə məhz bu problemlərə görə dərslərə qoşula bilmədi. Nəzərə almaq lazımdır ki, bəzən bir ailədən 2 və daha çox uşaq dərslərə qoşulmalı olur, bu da təbii ki, valideynlər üçün müəyyən problemlər yaradır. Xüsusilə aztəminatlı ailələrdə bu problemlər qabarıq şəkildə özünü büruzə verir. Belə olan halda, internet provayderləri məsələnin aktuallığını, vacibliyini nəzərə alaraq qiymətlərə yenidən nəzər salmalıdırlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bəzi ərazilərdə məktəblilərin internetə çıxışı çətindir: “Xüsusilə dağlıq ərazilərdə yaşayan şagird və tələbələr üçün də müəyyən mexanizm hazırlanmalıdır. Bəllidir ki, bu ərazilərdə internetin əlçatanlığı hələ də tam təmin olunmayıb. Bəzi ərazilərdə isə internetin sürəti həddindən artıq zəifdır. Qiymət məsələsi ilə yanaşı, bu nüanslara da diqqət yetirmək lazımdır”.
Günel CƏLİLOVA