Məlum olduğu kimi, Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş smart-kart tipli sayğaclar mexaniki sayğaclarla əvəzlənir.
Maraqlıdır, əvəzlənən smart-kart sayğaclarının balansında qalan pullar necə olacaq?
"Azəriqaz”ın nümayəndəsi: “Avans məbləğ 2 fərqli baza arasında məlumat mübadiləsi aparılmaqla azı 10, maksimum 30 günə yeni sayğacın hesabında qeydiyyata alınır”
Məsələ ilə bağlı fikir bildirən "Azəriqaz”ın nümayəndəsi qeyd etdi ki, bu proses zamanı abonentləri daha çox narahat edən məqamlardan biri də əvəzlənən smart-kart tipli sayğacların balansında qalan avans məbləğin yeni quraşdırılan mexaniki tipli sayğacın bazasına yerləşdirilməsidir: “Avans məbləğ 2 fərqli baza arasında məlumat mübadiləsi aparılmaqla azı 10, maksimum 30 günə yeni sayğacın hesabında qeydiyyata alınır. Bu ilin 7 ayı ərzində 53 270 abonentin 913 624 manat avans məbləği yeni quraşdırılan sayğacın bazasına qaytarılıb. Bu statistikadan 40 946 abonent və onların geri qaytarılan 697 262 manat avans məbləği təkcə Bakı şəhərinin payına düşür. Əlbəttə, ölkəmizdə yayılmış koronavirus (COVID-19) pandemiyası ilə bağlı sərt karantin rejimi tətbiq olunan bəzi vaxtlarda bu prosesdə gecikmələr olub. Lakin daha sonra yol verilən nöqsanlar dərhal aradan qaldırılıb”.
Günel CƏLİLOVA