Pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də özəl təhsil sektorudur. Koronavirusun Azərbaycanda yayılmağa başladığı mart ayından bu yana özəl təhsil sektorunun fəaliyyəti, demək olar ki, tamamilə iflic olub. Amma özəl təhsil sektorunun dirçəlməsi üçün müxtəlif çağırışlar olsa da, tədris kurslarının nə zaman fəaliyyətə başlayacağı ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, sentyabrın 15-dən etibarən dərslər mərhələli şəkildə və sosial məsafə qorunmaq şərtilə başlayacaq.
Ancaq təhsil kurslarının nə zaman fəaliyyətə başlayacağı isə bəlli deyil. Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində tədris kurslarının fəaliyyətinin hansı formada və nə zaman davam etdiriləcəyi barəsində danışarkən bildirib ki, tədris kursları təhsil sisteminin ayrılmaz hissəsidir: “Bununla bağlı hələ ki, dəqiq qərar yoxdur. Qərarın verilməsi bu günlərdə gözlənir. Düşünürəm ki, bu istiqamətdə də yumşalmalara gediləcək. Rəsmi qərarlar hazır olan kimi ictimaiyyətə məlumat veriləcək”.
Maraqlıdır, tədris kurslarının fəaliyyəti necə olacaq?
“…on minlərlə insanın işsiz qalması, şagirdlərin biliklərinin azalması deməkdir”
Təhsil eksperti Nizami Hüseynov qeyd etdi ki, martın 3-dən pandemiya ilə əlaqədar ölkədə bütün tədris prosesi dayandı. Repetitor fəaliyyəti və hazırlıq kurslarının da fəaliyyətinə məhdudiyyət tətbiq edildi: “Danılmaz faktdır ki, təhsil Azərbaycanda öz ətrafında 2 milyondan çox şəxsi birləşdirən ən böyük sahədir. Ona görə də yoluxma dairəsi təhsilin sayəsində daha da çox ola bilərdi. 27 apreldən etibarən isə karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq bir sıra yumşaldıcı addımlar atıldı. Lakin bu yumşaldıcı addımlar təhsil sistemindən, xüsusilə iqtisadiyyata dəstək verən hazırlıq kurslarından, tədris mərkəzlərindən yan keçdi. Yaxşı olar ki, tədris kurslarının fəaliyyətinə icazə verilsin. Nəzərə almaq lazımdır ki, hazırlıq kurslarının fəaliyyətinə icazə verilməməsi on minlərlə insanın işsiz qalması, şagirdlərin biliklərinin azalması deməkdir".
Günel CƏLİLOVA