Son günlər Şirvan şəhərində koronavirusa yoluxma faktlarının intensivliyinin artmasının tibb müəssisələrindən qaynaqlandığı müəyyən edilib. Şirvan şəhərinə monitorinq məqsədilə TƏBİB-in işçi qrupu ezam olunub və bir sıra qüsurlar aşkarlanıb. Bu qüsurların aradan qaldırılması məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası və Şirvan Şəhər Müalicə-Diaqnostika Mərkəzində bir sıra tədbirlər görülüb.
Daha ciddi preventiv tədbirlərin görülməsi üçün ÜST-in baş epidemioloqunun son tövsiyələri və indiyədək əldə olunmuş təcrübə nəzərə alınaraq, bütövlükdə, şəhərin deyil, yoluxma mənbəyinin lokal qapanması barədə qərar qəbul edilib. Belə ki, əhali əvvəlcədən məlumatlandırılmaqla, zəruri izolyasiya və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası, eləcə də Şirvan Şəhər Müalicə-Diaqnostika Mərkəzinə xəstə qəbulu müvəqqəti olaraq dayandırılacaq. Bu zaman xəstəxanada əvvəlcədən müalicə alan xəstələrin müalicəsi davam etdiriləcək, yeni müraciət edən xəstələrə ambulator və stasionar xidmətlərin göstərilməsi ətraf rayonların xəstəxanalarında təmin ediləcək.
Qeyd etdiyimiz kimi, Şirvan şəhərində koronavirusa yoluxanların sayının artmasında tibb müəssisəsinin rolunun olduğu deyilir. Onu da bildirək ki, bu günə kimi bəzi bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində koronavirusa yoluxma faktı qeydə alınmışdı.
Xəstəxanalarda koronavirusun yayılmasının səbəbi ilə bağlı fikir bildirən professor, tibbi ekspert Adil Qeybulla qeyd etdi ki, adıçəkilən bölgədə koronavirusun kütləvi şəkildə yayılmasının səbəbi insanların maska taxmadan evdən bayıra çıxmasıdır: “Virus daşıyıcısı olan şəxs maska taxmadan xəstəxanaya gedib, orada da sosial məsafəyə diqqət etmədiyi üçün tibb müəssisəsində virus intensiv şəkildə yayılıb. Nəzərə almaq lazımdır ki, xəstəxana qapalı məkandır. Virus daşıyıcısı olan şəxs xəstəxanaya daxil olursa, o şəxs maska taxmalı və sosial məsafəyə riayət etməlidir. Ən əsası, həkimlər xəstənin koronavirus daşıyıcısı olduğunu bilən an onu xüsusi qaydada palataya köçürməlidirlər. Bu proses gec həyata keçirildiyi üçün, virus qapalı məkanda sürətlə yayılıb”.
Günel CƏLİLOVA