Bütün Yer kürəsini bürüyən, dünyanın nizamını dəyişən koronavirus pandemiyası ilə mübarizə davam edir. Xəstəliyin qarşısının alınması istiqamətində dünya ölkələri ilə bərabər, Azərbaycanda da aylardır ciddi addımlar atılır.
Dövlət tərəfindən atılan bu addımlarla bərabər, COVID-19-un yayılmasının qarşısının alınması üçün müvafiq qaydalar müəyyən edildi, karantin rejiminin pozulmasının qarşısının alınmasına nəzarət ciddi formada təşkil olundu. Məhz bu uğurlar nəticəsində hazırda ölkədə vəziyyət nəzarət altındadır. Səhiyyə sistemi Azərbaycandan güclü olan inkişaf etmiş ölkələrlə müqayisədə respublikamızda istər yoluxma, istərsə də ölüm sayına görə göstəricilər qat-qat aşağıdır.
Xeyli vaxtdır koronavirusla bağlı gündəlik statistikada müsbət dinamika yaşanır. Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1700 civarındadır. Pandemiya xəstəxanalarının reanimasiya şöbələrində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin də sayı xeyli azalıb. Həmçinin, inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda koronavirusdan sağalanların sayı yüksəkdir. Eyni zamanda, bu xəstəlikdən həyatını itirənlərin sayı digər ölkələrlə müqayisədə elə də çox deyil. Unutmaq lazım deyil ki, bu uğurlar görülən işlərin, çəkilən zəhmətin, edilən çağırışların və tətbiq olunan qadağaların hesabınadır.
Millət vəkili Rüfət Quliyev qeyd etdi ki, Azərbaycanda pandemiya ilə mübarizə sistemi dünyada effektivliyinə görə ilk sıralarda dayanır. Ölkəmiz ilk gündən ÜST tərəfindən müəyyənləşdirilmiş prinsiplər əsasında COVID-19-la mübarizə aparır: “Bunu xarici ekspertlər də etiraf edirlər. Ancaq, təbii ki, dövlətin gördüyü tədbirlər kifayət etmir, ilk növbədə, insanların qoyulan qaydalara, tələblərə əməl etməsi lazımdır. Hökumət qərar verir, yol göstərir. Bu yolla düzgün addımlamamaq isə birbaşa yoluxma sayına təsir edir. Hələ virusla vidalaşmamışıq, amma çox sayda məhdudiyyət aradan götürülüb və insanların hərəkəti sərbəstdir. Məhz buna görə də məsuliyyətimizi daha da artırmalı, virusdan qorunmalıyıq. İnanırıq ki, ölkəmizdə pandemiyaya qarşı mübarizədə tezliklə daha uğurlu nəticələr alınacaq”.
Millət vəkili onu da vurğuladı ki, hazırda Azərbaycan yoluxanların və vəfat edən şəxslərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır: “Azərbaycan dövləti infeksiyanın yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib”.
Günel CƏLİLOVA