Bakıda 13 nömrəli marşrut xətti üzrə avtobusun sürücüsü sərnişinə tibbi maskadan düzgün istifadə etməyi tövsiyə etsə də, sərnişin buna məhəl qoymayaraq sürücünü vurub. Koronavirus epidemiyası ilə bağlı olaraq hər kəs tibbi maska taxmalıdır. Xüsusilə ictimai nəqliyyatdan istifadə edənlər təhlükəsizlik qaydalarını pozmamalıdırlar.
Bəzi vətəndaşlar nəinki öz sağlamlıqlarını düşünmür, hətta ətrafdakı insanların sağlamlığını da təhlükəyə məruz qoyurlar.
Sərnişin məsuliyyətsizliyinin qarşısının alınması, qanunlara əməl olunmasına nəzarət istiqamətində nə kimi işlər görülməlidir?
Bakı Nəqliyyat Agentliyi: “Avtobuslarda qoruyucu tibbi maskadan istifadə mütləqdir və buna əməl olunmaması inzibati məsuliyyət yaradır”
Bakı Nəqliyyat Agentliyindən “Bakı-Xəbər”ə verilən məlumata görə, 13 nömrəli marşrut xətti üzrə avtobusun sürücüsü sərnişinə qoruyucu tibbi maskadan düzgün istifadə etməyi tövsiyə edib. Sərnişin buna əməl etmədiyindən, sürücü də avtobusu sürməyəcəyini bildirib. Sonda sərnişin sürücüyə qarşı güc tətbiq edərək onu vurub: “Sərnişinin şəxsiyyətinin müəyyən edilərək törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara müraciət olunub. Avtobuslarda qoruyucu tibbi maskadan istifadə mütləqdir və buna əməl olunmaması inzibati məsuliyyət yaradır. Ümumi sağlamlığımızın qorunması və lüzumsuz cərimələnməmək üçün sərnişinlərimizdən bu qaydaya əməl etmələrini xahiş edirik”.
Ərşad Hüseynov: “Sərnişinin sürücüyə qarşı bu cür hərəkəti yolverilməzdir”
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, sərnişinin sürücüyə qarşı bu cür hərəkəti yolverilməzdir: “Əlbəttə, sərnişinin sürücüyə qarşı bu cür hərəkəti yolverilməzdir. Vəziyyətdən asılı olaraq, hüquq-mühafizə orqanları buna hüquqi qiymət verəcəklər. Hətta ola bilsin ki, burada cinayət xarakterli əməl ola bilər. Çox ağır inzibati xətadır, ortada döyülmə faktı var. Burada konkret olaraq sərnişin tərəfindən sürücüyə zor tətbiq edilib. Həmin sərnişin açıq-aşkar görünür ki, həm ictimai qaydanı, həm karantin rejimini pozur, həm də sürücüyə zərbə endirir. Görüntülərdə sürücü maskanı düzgün taxmayıb və buna görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərini pozub. Sərnişin ya İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döyməyə görə, ya da ictimai qaydanı kobud surətdə pozarsa, onda İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə xırda xuliqanlığa görə məsuliyyətə cəlb oluna bilər”.
Son olaraq bildirək ki, koronavirus epidemiyasının olduğu bir dövrdə hər kəs karantin qaydalarına əməl etməlidir. Qaydalar isə çox sadədir: tibbi maska taxmaq, sosial məsafəni gözləmək və gigiyenik qaydalara əməl etmək.
Günel CƏLİLOVA