Bakı sakinləri “MilliÖn” terminallarının işləməməsindən narazıdırlar. Son günlər bu barədə sosial şəbəkələrdə çoxlu sayda paylaşım edilir.
Vətəndaşların sözlərinə görə, paytaxtın Yasamal rayonu, H.Cavid prospektində (20 nömrəli məktəb-lisey yaxınlığı) quraşdırılan 2 ədəd “MilliÖn” terminalının heç biri işləmir: “Aparatlar səhərdən camaatın pulunu götürür, amma karta yükləmir. O qədər adamın bəlkə də onda biri çekini saxlayıb, ödənişini bərpa edəcək. Qalan adamların pulları getdi. İnsanların əsəblərinin korlanması, işə gecikməsi də bir yandan. Bu ilk dəfə deyil, yəqin son da olmayacaq. Bu problemi kimə deyək, necə həll edək? “MilliÖn” çağrı mərkəzini də yığırsan, cavab verən yoxdur”.
Qeyd edək ki, “İnşaatçılar” metrostansiyasının çıxışında quraşdırılan “MilliÖn” terminalında da vəziyyət eynidir.
Məsələ ilə bağlı “MilliÖn” şəbəkəsi ilə əlaqə saxlamağa çalışdıq. *0010 “qaynar xətt”inin 7 gün 24 saat “xidmətdə” olduğu yazılsa da, dəstəyə cavab verən tapılmır.
“…çoxlu xəta baş verir, belə hallar istehlakçı hüquqlarının pozulmasıdır”
Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov da “MilliÖn” aparatlarının yarıtmazlığından əziyyət çəkdiyini dilə gətirdi: “Eyni problemlə dəfələrlə qarşılaşmışam. Bir neçə gün əvvəl 10 manat yüklədim. Amma balansın boş olduğu göründü. Qəbzdə isə 10 manatın yükləndiyi qeyd olunur. “MilliÖn”lə bağlı belə hallar çox olur. Bəzən xəta baş verir və aparatın ekranında xəta olduğu göstərilir. Amma elə hallar da olur ki, aparat pulu geri qaytarmır, lakin çekdə də “yükləndi” göstərmir. Bir də var, çeki alıb görürsən ki, “ödəniş qəbul edildi” yazılır və pul yüklənmir. Sonra gedib baxırsan ki, balansda pul yoxdur. Mən də istehlakçı kimi “MilliÖn” aparatlarından zərər çəkirəm. Təəssüf ki, quraşdırılan terminallar mükəmməl sistem deyil. Çoxlu xəta baş verir. Belə hallar istehlakçı hüquqlarının pozulmasıdır”.
Günel CƏLİLOVA