Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus koronavirus peyvəndi əldə olunduqdan sonra bütün ölkələri peyvəndlə təmin etməyi hədəfləyən beynəlxalq COVAX mexanizminə qoşulmağa çağırıb.
Artıq 172 ölkə beynəlxalq koronavirus peyvəndi üçün COVAX mexanizminə qoşulub. Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru T.A.Qebreisusun açıqlamasında bu barədə bildirilir. Qeyd olunur ki, onların məqsədi koronavirus peyvəndləri tapıldığı zaman bütün ölkələri bərabər səviyyədə təmin etməkdir.
Qebreisusun sözlərinə görə, hazırda portfeldə doqquz peyvənd var: “Ölkələrin qlobal COVAX mexanizmində iştirakı peyvəndlərin qiymətini mümkün qədər aşağı səviyyədə saxlayacaq”.
Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda qeyd olunur ki, COVAX dünyada COVID-19-a qarşı peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığı təmin etmək üçün hazırlanmış bir mexanizmdir: "COVAX-ın məqsədi 2021-ci ilin sonunadək normativ təsdiqlənmə və ya ÜST-in prekvalifikasiya mərhələsindən keçmiş iki milyard doza miqdarında təhlükəsiz və effektiv peyvəndin paylanmasıdır. Bu peyvəndlər paylanarkən ilk öncə tibb işçilərinə üstünlük veriləcək, daha sonra iştirakçı ölkələrin əhalisinin 20%-ni əhatə etməsi üçün genişləndirilərək bütün iştirakçı ölkələrə əhalilərinin nisbətlərinə uyğun bərabər şəkildə çatdırılacaq. Bundan sonra isə əlavə dozalar ölkələrdəki ehtiyac, həssaslıq və COVID-19 təhlükəsi nəzərə alınaraq paylanacaq. COVAX mexanizmi böyük alovlanmalara qarşı mübarizə daxil olmaqla, fövqəladə hallarda və humanitar məqsədlərlə istifadə üçün də ehtiyat doza saxlayacaq”.
“…həmin mexanizmə qoşularsa, qeyd olunan peyvənddən əldə edəcək”
Mövzu ilə bağlı fikir bildirən həkim-ekspert Rasif Bağırov qeyd etdi ki, koronavirusla mübarizədə hər bir ölkə səfərbər edilir. Bəzi ölkələr bu virusla mücadilə məqsədilə peyvənd axtarışındadır, bəziləri isə artıq tapdıqları vaksini sınaq edirlər: “Ümumdünya Səhiyyə Təşkilatı peyvənd əldə olunduqdan sonra bütün ölkələri peyvəndlənməyə çağırıb. Ümumiyyətlə, COVAX dünyada COVID-19-a qarşı peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığı təmin etmək üçün hazırlanmış bir mexanizmdir. COVAX-ın məqsədi gələn ilin sonunadək normativ təsdiqlənmə və ya ÜST-in prekvalifikasiya mərhələsindən keçmiş iki milyard doza miqdarında təhlükəsiz və effektiv peyvəndin paylanmasıdır. Təbii ki, peyvəndlər paylanarkən ilk öncə tibb işçilərinə üstünlük veriləcək, daha sonra iştirakçı ölkələrin əhalisinin əhalisinə”.
Həmsöhbətimizin sözlərinə görə, COVAX mexanizminə qoşulan ölkələr beynəlxalq koronavirus peyvəndindən yararlana biləcəklər. Azərbaycan da həmin mexanizmə qoşularsa, qeyd olunan peyvənddən əldə edəcək. Ödənişə gəlincə, həmsöhbətimiz bildirdi ki, bu ÜST-in müəyyən etdiyi qərar əsasında olacaq: “Azərbaycan peyvəndlərin istehsalı ilə məşğul olan təşkilatlarla birbaşa müzakirələr aparır və bu prosesdə aktiv iştirak edir. Peyvəndin istehsalı qısa müddət ərzində ərsəyə gəlmir. Bizim üçün əsas məsələ peyvəndin əldə olunması yox, onun zərərsiz və faydalı olmasıdır. Peyvənd şəxslərdə virusa qarşı immunitet yaratmalıdır. Peyvənd təsdiqlənmədən onun tətbiqi mümkün deyil”.
Günel CƏLİLOVA