Hər bir vətəndaş respublikamızda qüvvədə olan karantin qaydalarına ciddi əməl etməli olduğu halda, çox vaxt bunun şahidi ola bilmirik.
Bilirik ki, Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyəti nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən, yas və toy mərasimlərinin keçirilməsinə qadağa qoyulub.
Məsələ burasındadır ki, karantin qaydalarını pozaraq toy-nişan keçirənlərin arasında tanınmış şəxslər, məmurlar üstünlük təşkil edir. Onlar dövlətin mövcud qanunlarını pozaraq, dövlətə və xalqa hörmətsizlik göstərərək, əyləncə təşkil edir, toy, yas və s. mərasimləri keçirirlər. Belə şəxslərin hamısı aşkarlanaraq məsuliyyətə cəlb edilib.
Məlumdur ki, bu günlərdə bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb.
Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz.
Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a belələrini qınadığını bildirdi. Hər kəsin qanun qarşısında bərabər olduğunu deyən A.Həsrət hesab edir ki, kimlərinsə qanunları tapdamağa haqqı yoxdur. “Əlbəttə, qanunlar konkret bir təbəqə üçün nəzərdə tutulmur ki, qanun hamı üçün ümumidir. Buna görə də, statusundan asılı olmayaraq, bütün vətəndaşlar bu qanun çərçivəsində yaşamalıdırlar. İndi də karantin dövrüdür. Karantinlə bağlı qaydalar müəyyən edilib, qaydaları pozanlara qarşı cəza tədbirləri də görülür. Kiminsə tanınmış olması, dövlətdə hansısa vəzifə tutması ona əsas vermir ki, qanunları pozub, bildiyi kimi hərəkət etsin. Tanınmışların, vəzifəli şəxslərin qanunla keçirilməsinə qadağa qoyulan toylara, məclislərə getməsi, yaxud özlərinin belə mərasimlər təşkil etməsi yolverilməzdir. Bu, dövlətin tətbiq etdiyi karantin qaydalarına ziddir və cəmiyyətə hörmətsizlikdir. Ümumiyyətlə, insanların kütləvi toplantıda bir araya gəlməsi qəbul edilən deyil” - deyə A.Həsrət vurğuladı.
İradə SARIYEVA