Pandemiya bütün dünyada ailə münasibətlərinə ciddi zərər törədib. Koronavirus dövründə bir çox ölkədə boşanmaların sayı artıb. Təəssüf ki, bu hal ölkəmizdə də müşahidə edilir. Azərbaycanda da boşanmaların artması faktları özünü göstərməkdədir.
Bu məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin COVID-19 pandemiyası ilə bağlı ölkədə keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejiminin tətbiqi nəticəsində ailələrdə yaranmış vəziyyətin təhlilində də diqqət mərkəzinə gətirilib.Təhlildə qeyd olunub ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da nikahların azaldığı və boşanmaların artdığı müşahidə edilir. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,2-dən 1,7-ə qədər artıb. “Bu gün bütün səylər göstərilməlidir ki, ailə institutu qorunub saxlansın və daha da möhkəmləndirilsin” - bu fikirlər komitənin təhlilində yer alıb.
Pandemiya dövründə boşanmaların artmasına səbəb olan nədir? Pandemiya hansı mənada ailə münasibətlərinin bu şəkildə qırılmasına “təkan” olur?
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, tanınmış sosioloq Əhməd Abasbəylinin fikrincə, pandemiya yalnız insanların səhhətinə deyil, bütövlükdə, bütün sahələrə böyük ziyan vurub. “Pandemiyanın boşanmalara səbəb olması bir faktdır. Bunun da səbəbləri çoxdur. İnsanların bir çoxu pandemiya ilə əlaqədar işə getmir, evdə oturur, ailənin maddi təminatı aşağı düşür, nəticədə də ailədaxili münaqişələr artır. Bu yalnız Azərbaycanda müşahidə edilən problem deyil, vəziyyət bütün dünya ölkələrində də bu cürdür. Bilirsiniz, pandemiya dövründə daha çox cinayətlərin artım tendensiyası ailə-məişət münaqişələri zəminində özünü göstərir. Bütün dünya üzrə belədir”.
Ə.Abasbəyli hesab edir ki, pandemiya dövründə işsizliyin yaranması, insanların evdə oturması sosial problemlər yaratmaqla yanaşı, həm də onların psixoloji cəhətdən gərginləşməsinə səbəb olur: “Biri var evdən çıxıb işə gedirsən, evdə az olursan, bütün günü başın işə qarışır, biri də var işsiz-gücsüz evdə oturursan. Sonuncu amil özünü daha çox göstərir. Səhərdən axşama qədər evdə oturan adamın maliyyə vəziyyəti aşağı düşür, əsəbləri gərilir, bu da evdə narahatlıq, münaqişə yaradır, işin sonu da boşanma ilə nəticələnir. Pandemiya ailələrdə ciddi gərginlik yaradır. Virusun özündən çox, onun törətdiyi fəsadlar cəmiyyətə ziyan vurur. İnsanların psixi durumu, emosional vəziyyəti, ailə münasibətləri bu dövrdə daha güclü şəkildə gərginləşdi. İndi hiss etməsək də, gələcəkdə pandemiyanın demoqrafik vəziyyətə ciddi zərər vurduğunun şahidi olacağıq. Bu amil demoqrafik vəziyyətə mənfi təsir edəcək. Çünki neçə vaxtdır ölkədə toy olmur, nikaha girənlər yoxdur, boşanmalar artır - bunlar pandemiyanın törətdiyi fəsadlardır. Pandemiya dövründə boşanmaların sayının artmasına səbəb olan amillərdən biri ailələrin iqtisadi durumunun pisləşməsi, digəri isə cütlüklərin xarakter uyğunsuzluğudur ki, belə ağır məqamlarda o problem də üzə çıxır”.
İradə SARIYEVA