2020-ci ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb. Bu barədə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) media nümayəndələrinə açıqlamada bildirilib.
Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 11 dəfə çoxalıb. Məlumatda qeyd olunur ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 110 Türkiyə vətəndaşı səfər edib.
Maraqlıdır, Türkiyədən gələn işçilər daha çox hansı sahələrə cəlb olunur və türkiyəli işçiləri Azərbaycanın əmək bazarında cəlb edən nədir?
“…Azərbaycan iqtisadiyyatının, əmək bazarının digər ölkələrin vətəndaşlarının gözündə necə cəlbedici olduğunu göstərir”
İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, xarici vətəndaşların ölkəmizin əmək bazarına olan marağı müsbət qiymətləndirilir, lakin mövcud vəziyyət bu axından narahat olmağa və bunu nəzarət altına almağa məcbur edir: "Ümumiyyətlə, hazırda dünyada əmək bazarında vəziyyət məlum səbəblərdən kifayət qədər gərgin xarakter daşıyır. Bilirsiniz ki, bir çox ölkədə pandemiya şəraiti ilə əlaqədar olaraq iqtisadiyyatın ayrı-ayrı sahələrində fəaliyyət donub. Baxmayaraq ki, son dönəmlər bəzi ölkələrdə bir sıra məhdudiyyətlər aradan götürülüb, lakin iqtisadi fəaliyyətin yenidən bərpası müəyyən vaxt tələb edir. Bu baxımdan, əmək bazarında pandemiyaya qədər olan fəaliyyət tempi indi mövcud deyil, ola da bilməz. Düşünürəm ki, yaxın dövrdə onun bərpası da çox çətin başa gələcək. Nəticə etibarilə nəinki ölkəmizdə, bütün dünyada əmək bazarında çox ciddi böhran hökm sürür. Qeyd etdiyim nüanslar, o cümlədən, qonşu ölkə Türkiyə üçün də keçərlidir. Ona görə də Türkiyədən kənara işçi qüvvəsinin axını hardasa başadüşüləndir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırda Azərbaycanın əmək bazarında da vəziyyət ürəkaçan deyil: “Son vaxtlar işsizliyin aradan qaldırılması ilə bağlı dövlət səviyyəsində genişmiqyaslı tədbirlər həyata keçirilib. Bunun nəticəsi olaraq da işsizlik səviyyəsi kifayət qədər aşağı düşüb. Lakin ortada pandemiya kimi bir problemimiz var. 6 aydır ölkə olaraq karantin rejimində yaşayırıq, iqtisadi sferada hər iş məhdudlaşdırılıb. Ona görə Azərbaycanda da işsizlik səviyyəsi artmağa başlayıb və yaxın gələcəkdə işsizliklə bağlı ciddi problemlərin yaşanması qaçılmazdır. Belə bir şəraitdə kənardan ölkəmizə işçi qüvvəsinin axını Azərbaycan iqtisadiyyatının, əmək bazarının digər ölkələrin vətəndaşlarının gözündə necə cəlbedici olduğunu göstərir və bu, əslində, müsbət faktordur”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Türkiyədən gələn işçilər daha çox tikinti sahəsinə maraq göstərirlər.
Müsahibimizin dediyindən belə aydın oldu ki, türkiyəli vətəndaşlar üçün Azərbaycanın əmək bazarı cəlbedici göründüyünə görə onlar işləmək üçün ölkəmizə üz tuturlar.
Günel CƏLİLOVA