Pandemiya dövründə ailə quranların sayı kəskin şəkildə azalıb. Ədliyyə Nazirliyinin məlumatına görə, cari ilin ötən dövrü ərzində qeydiyyat orqanları tərəfindən, ümumilikdə, 21 min 487 nikah qeydiyyata alınıb.
Martın 31-dən avqustun 10-dək qeydiyyata alınan nikahların sayı isə 9 177 olub. Əksəriyyət nikahlardakı bu azalmanı ailələrin təzyiqi ilə əlaqələndirir. Belə bir rəy formalaşıb ki, bir çox valideyn xərclədiyi pullar batmasın deyə, övladına sadə toy etmək istəmir.
Maraqlıdır, gənclər niyə sadə nikahla ailə qurmaq istəmirlər? Evlənənlərin sayının azalması genofonda necə təsir edəcək?
“Azərbaycanda səssiz toy edərkən cəmiyyət tərəfindən onun altında başqa məna axtarılmamalıdır”
Psixoloq Könül İsmayılova bildirdi ki, 6 ayda evlənənlərin sayının az olması dünyaya gələcək uşaqların sayına az da olsa təsir edəcək. “Yaxşı olar ki, gənclər sadə nikahla ailə qursunlar. Məlumat üçün bildirim ki, bir çox gənc istədiyi halda, məhz bu səbəblə pandemiya dövründə ailə həyatı qura bilmədi. Ancaq bəziləri hələ də mentalitetə söykənib, karantinin bitməsini gözləyir ki, təmtəraqlı toy etsin”.
Həmsöhbətimiz hesab edir ki, bu gün gənclər də valideynlərinin qarşısında sadə nikahla bağlı məsələni qoymalıdırlar: “Ümumiyyətlə, ailə qurmanın qarşısını kəsən maddi və müəyyən mənada alçaldıcı olan şərtlər aradan götürülməlidir. Yəni mən kimsə mənim pulumu qaytarsın deyə ailə qurmamalıyam. Yaxşı olardı ki, artıq gənclər bu tip məsələlərin qarşısını alsınlar. Azərbaycanda səssiz toy edərkən cəmiyyət tərəfindən onun altında başqa məna axtarılmamalıdır. Nəzərə almaq lazımdır ki, indi hətta dünyadan köçən insanlar üçün belə yas mərasimi keçirilmir. Ən tanınmış insanlar həyatını itirir, amma mərasim olmur. Bu, artıq psixoloji baryer olaraq aradan götürülüb. İnsanlar çox gözəl başa düşürlər ki, vəziyyət gərgindir. Bu səbəblə bəzi şərtiliklər nəzərə alınmır. Qeyd etdiyim kimi, pandemiyanın yeni dünya düzəni olduğu nəzərdə tutulmalıdır. Belə olduqda “toyu, görəsən, niyə tələsik etdilər?” kimi fikirlər aktual olmayacaq”.
Qeyd edək ki, Avropa ölkələrində dəb-dəbəli toy deyil, sadə nikahla gənclər izdivac qururlar. Genofondun qorunması üçün gənclər sadə nikahla ailə qurub, xoşbəxt həyat yaşaya bilərlər.
Günel CƏLİLOVA