Koronavirus pandemiyası ağır xəstəliyə, ölümlərə səbəb olmaqla yanaşı, digər bəlalar da gətirib. Bütün dünya dərin iqtisadi böhran içindədir. Ölkələr arasında sərhədlər bağlanıb, turizm sektoru iflic olub. Xəstəliyin gətirdiyi əsas bəlalardan biri də işsizlik oldu.
Dünyada iş yerləri ilə bağlı ciddi problem yaşanır. Bir çox məşhur, nəhəng şirkətlər belə, virusun gətirdiyi iqtisadi problemlərə qarşı duruş gətirə bilməyərək, iş yerlərinin bağlandığını elan edirlər. Bütün bu səbəblər üzündən, yəni pandemiya ilə əlaqədar əksər ölkədə işsizliyin sayı aybaay artır.
Azərbaycanda da bəzi sahələrdə fəaliyyət dayandı. Qısamüddətli və uzunmüddətli perspektivdə bir çox insan işsiz qalıb. Ekspertlər itirilmiş iş yerlərinin hamısının tezliklə bərpa olunacağını proqnozlaşdırmırlar. Ancaq bütün bunlara baxmayaraq, bir sıra ölkələrdən fərqli olaraq, artıq Azərbaycanda işsizlərin sayı əvvəlki aylarla müqayisədə azalmağa doğru gedir. Belə ki, iyun ayında işsizlərin sayı 32 min nəfər artıbsa, iyul ayında bu rəqəm 11,1 min nəfər olub. Bu isə 3 dəfəyə qədər azalma deməkdir. Onu da qeyd edək ki, təkcə aprel ayında işsizlərin sayı 36 min nəfər artmışdı. Görünən odur ki, əvvəlki aylarda olduğu kimi, Azərbaycanda işsizlərin sayı sürətlə artmır. Ümumilikdə, bu müsbət tendensiyanın əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
“Bunun nəticəsidir ki, işsizlərin sayı əvvəlki aylarda olduğu kimi artmır”
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, Azərbaycanda işsizlərin sayının azalması ilə bağlı özünü göstərən müsbət meyllər bir sıra amillərlə bağlıdır: “Məlum olduğu kimi, pandemiya ilə əlaqədar bütün dünya ölkələrində iqtisadi gərginlik var. Sözügedən iqtisadi gərginliyin təsir dairələrindən biri də iş yerlərinin bağlanması ilə bağlıdır. Məsələ ondadır ki, bir sıra iş yerlərinin bağlanması məcburi xarakter daşıyır. Ancaq müşahidələr göstərir ki, sözügedən proses Azərbaycana elə də böyük təsir göstərmir. Bu, bir sıra məsələlərlə bağlıdır. Sözügedən məsələ birinci növbədə onunla əlaqədardır ki, Azərbaycanda pandemiyanın vura biləcəyi zərərlərin önlənməsi üçün əvvəlcədən addımlar atıldı. Digər tərəfdən, həyata keçirilən sosial layihələr və dövlət tərəfindən sahibkarlara göstərilən dəstək işsizliyin kütləvi artmasının qarşısını aldı. Konkret olaraq, dövlət tərəfindən bir sıra sahələrə iqtisadi dəstək göstərildi. Bütün bunlar öz müsbət təsirinin artıq göstərir. Bunun nəticəsidir ki, işsizlərin sayı əvvəlki aylarda olduğu kimi artmır. Bu sahədə müşahidə olunan artım artıq azalmağa doğru gedir. Həm karantin rejimi ilə bağlı gedən yumşaldılma prosesi, həm də əvvəl görülən qabaqlayıcı tədbirlər işsizlərin sayının azalmasına müsbət təsir edir”.
Millət vəkili hesab edir ki, bu sahədə müşahidə olunan müsbət tendensiya qarşıdakı aylarda da davam edəcək.
Vidadi ORDAHALLI