Texnoloji yeniliklər Azərbaycanda taksi bazarına da təsirsiz ötüşmür. Bazara istər mobil tətbiq, istərsə də telefon zəngi ilə sərnişinin özünə taksi sifariş etməsi artıq bir neçə ildir əlçatandır. Ölkənin paytaxtı Bakıda hazırda 50-dən çox taksi şirkəti fəaliyyət göstərir. Təqribi rəqəmlərə əsasən, Bakı şəhəri üzrə, ümumilikdə, 40 min taksi sürücüsü var. Əksəriyyətinin öz avtoparkı olmasa belə, bu bazarda fərdi sürücü bolluğundan yararlanaraq öz qazanclarını əldə etməkdədirlər.
Sürücülər üçün asan olan tərəf isə heç bir imtahan və ya tibbi yoxlanışdan keçmədən, 5 dəqiqə ərzində belə onlayn və ya “WhatsApp”la qeydiyyatdan keçmə imkanlarının olmasıdır. Bu imkan verir ki, bir çoxu çox asan şəkildə taksi xidməti ilə məşğul olsun.
Ancaq problem ondadır ki, pandemiya ilə əlaqədar yaranan vəziyyətdən sui-istifadə edən *8555, *2111 taksi xidmətləri müştəri soyur. Məsələ ondadır ki, əvvəllər müştərini harasa 4 manata aparırdılarsa, indi qiyməti artırıb 8 manat ediblər. Əsassız olaraq qiyməti 2 dəfə artırıblar. Hansı ki, ölkədə yanacağın qiyməti bahalaşmayıb. Bundan başqa, əvvəllər günün müxtəlif saatlarında qiymət fərqi var idi. Yəni gediş-gəlişin pik olmadığı vaxtlarda qiymət ucuz olurdu, amma indi buna da əməl olunmur. Hansı vaxt müraciət etsən, eyni qiymətdir. Bütün bunlar da paytaxt sakinlərinin haqlı narazılığına səbəb olur.
Maraqlıdır, bəzi taksi xidmətlərinin bu özbaşnalıqlarının kökündə nə dayanır?
“Nə qədər ki, taksilərdə sayğac quraşdırılmayıb, bu sahədə özbaşnalıq davam edəcək”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynovun fikrincə, taksi xidmətləri ilə məşğul olan şirkətlər pandemiyadan sui-istifadə edərək istehlakçı hüquqlarını pozurlar: “Metronun işləməməsi və şənbə-bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərməməsi taksi xidmətlərinin qiymətləri qaldırmasına bəhanə yaradıb. Əslində, bundan əvvəl də qiymətlərdə bahalaşma var idi. Lakin pandemiyadan sui-istifadə edərək, taksi xidmətləri qiymətləri bir az da artırdılar. Bu isə istehlakçı hüquqlarının pozulması deməkdir. Düzdür, bazar iqtisadiyyatında qiymətlər tələb-təklifə görə dəyişir. Ancaq Bakıda taksi xidməti ilə məşğul olan şirkətlərin sayı artsa da, qiymətlər ucuzlaşmır. O üzdən, bunun iqtisadi əsası yoxdur.
Bütün bunlarla yanaşı, hesab edirəm ki, hökumət, birmənalı şəkildə, taksilərlə bağlı məsələni həll etməlidir. Taksilərə sayğac qoyulmalıdır. Çünki taksi fəaliyyətində böyük həcmdə vergidən yayınma var. Nə qədər ki, taksilərdə sayğac quraşdırılmayıb, bu sahədə özbaşnalıq davam edəcək. İstehlakçılar aldadılacaq. Bir neçə dəfə bizə taksi xidmətlərinin fəaliyyəti ilə bağlı şikayətlər daxil olub. Edilən şikayətlərdə qeyd olunub ki, hava limanından sakinləri, şəhərə gələn qonaqları gətirmək üçün çoxlu pul tələb olunur. Ona görə də məsələyə yenidən baxılmalı və taksi xidmətlərinin qiymət özbaşnalığına son qoyulmalıdır. Dövlət tərəfindən qiymət tənzimlənməlidir. Çox təəssüflər olsun ki, taksi xidmətinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Nə qədər ki, sayğac yoxdur, bu problem həll oluna bilməz.
Mənə xarici firmalarda işləyən şəxslər şikayət edirlər ki, taksidən istifadə etdikləri halda onlara kassa çeki verilmir. Bütün bunlar, əlbəttə ki, istehlakçı hüquqlarının pozulması deməkdir. Əvvəllər bazarda yeni taksi xidmətlərinin sayının artmasından sevinirdik ki, qiymətlər aşağı düşəcək. Ancaq bu baş vermədi. Məlum oldu ki, taksi xidməti ilə məşğul olan şirkətlər arasında kartel sövdələşmələri var. Yəni bu işlə məşğul olan şirkətlər yığılıb qiymətləri müəyyən edirlər”.
Ekspertin fikrincə, Nazirlər Kabineti bütün bunları yoluna qoymalıdır.
Vidadi ORDAHALLI