Əksər xarici ölkədə reseptsiz dərman satışı qadağandır. Ancaq bizdə vəziyyət fərqlidir. Belə ki, istənilən şəxs əczaxanaya yaxınlaşıb, reseptsiz istədiyi dərmana ala bilir.
Məlumat üçün bildirək ki, psixotrop maddələrin reseptsiz satılması qanunla qadağan olunub. Lakin buna baxmayaraq, hələ də apteklərdə reseptsiz dərman satışı rahat şəkildə həyata keçirilir.
“Dərmanlar, xüsusilə daxilə qəbul edilən preparatlar...”
Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, dərman maddələrinin reseptsiz satılması da problemdir: “Dünyanın heç bir yerində bizim əczaxanalardakı kimi reseptsiz dərman ala bilməzsiniz. Bundan başqa, xəstələrin çoxu özünümüalicə ilə məşğul olur. Dərman haqqında qonşudan eşidir və gedib əczaxanadan alır və özünü müalicə edir. Bu vəziyyətdə zəhərlənmə və digər ağırlaşmalar da mümkündür”.
Həmsöhbətimiz hesab edir ki, dərman bazarı qaydaya salınmalı, daxil olan bütün dərman maddələrinin qeydiyyatda adı olmalıdır: “Ölkəyə keyfiyyətli dərmanlar daxil olmalıdır. Dərmanların xəstələrə reseptsiz verilməsinə yol verilməməlidir. Bu sahədə də xeyli boşluq var. Nə qədər ki, bunlar qaydaya düşməyib, Qərb standartlarına uyğun şəkildə həllini tapmayıb, bu problemlərlə üz-üzə qalacağıq”.
Professor xüsusi olaraq vurğuladı ki, apteklərdə yalnız pambıq, spirt kimi dezinfeksiya vasitələri reseptsiz satıla bilər. Dərmanlar, xüsusilə daxilə qəbul edilən preparatlar isə mütləq reseptlə satılmalıdır: “Xəstəyə dərmanı reseptsiz satmaq cinayətdir. Hansısa yan təsir özünü göstərərkən məsuliyyəti aptek daşıyır. Hətta elə məhsullar var ki, onları satmaqdan ötrü xəstədən qırmızı möhürlü kağız tələb olunur. Narkotik maddələr, psixiotrop vasitələr buna nümunədir”.
Son olaraq qeyd edək ki, zəhərlənmə faktlarının artmasında apteklərdə reseptsiz dərman satışının da rolu var. İnsanlar çox zaman həkimə müraciət etmədən dərman qəbul edirlər ki, bu da sağlamlıq durumunu daha da ağırlaşdırır. Bir çox dünya ölkəsi apteklərdə reseptsiz dərman satışına qadağa qoyub.
Günel CƏLİLOVA