Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyaya müraciət edərək, yeni koronavirus infeksiyasına görə artıq karantin tətbiq etməməyə çağırıb, baxmayaraq ki, əvvəl bunun əksini tələb edirdi. Qeyd edək ki, ÜST dünyanın, demək olar ki, bütün ölkələrinə pandemiyanın inkişafını əngəlləyən sərt karantin rejiminə bağlanmağı tövsiyə edirdi. İndi isə təşkilatın baş epidemioloqu Maria van Kerkxov ikinci və sonrakı COVİD-19 dalğalarında karantinin yolverilməz olduğunu bəyan edib:
“Demə, karantinin iqtisadi nəticələri dəhşətli dərəcədə çoxdur və tibbi planda şərti qazancı xeyli üstələyir. İkincisi, ÜST ekspertlərinin fikrincə, pandemiya dövründə maska geyilməsi və sosial məsafəyə riayət olunması tamamilə kifayətdir”.
Bundan başqa, BMT-nin rəhbəri Antoniu Quterriş karantin dövründə məktəblərin bağlanmasını "nəsillərarası fəlakət" adlandırıb və bunun heç bir müsbət nəticə vermədiyini bildirib.
Bəllidir ki, əksər ölkələr ÜST-ün tələblərinə maksimum riayət etməyə çalışıb. Bunlardan biri də Azərbaycandır. Virusoloqlar pandemiya ilə bağlı müxtəlif fikirlər səsləndirir. Onların iddialarına görə, bu prosesdə ikinci və ya üçüncü dalğalar da müşahidə oluna bilər. Bunun üçün də ölkələr öz daxili vəziyyətlərinə uyğun şəkildə qərarlar verməyə məcburdu və bu haqqı anlayışla qarşılamaq gərəkdir. Məsələn, elə ölkələr var ki, orada pandemiyanın yayılması çox adamı əhatə edib. Məhz buna görə də uzunmüddətli karantin tədbirlərinə əl atıblar. Azərbaycanın praktikasında biz bunu müşahidə etdik. Uzunmüddətli karantin olsa da, ölkənin gücü, dövlətin verdiyi dəstək iqtisadiyyata yardım etməyə çatdı, onun tənəzzülə uğramasına imkan vermədi. Bir sözlə, dünyanı bürüyən bu virusla bağlı hər an yeni situasiya yarana bilər. Belə olan təqdirdə, iqtisadiyyatını qorumağa gücü olan ölkələrin ÜST-ün yeni tələbi ilə uzlaşmayan öz daxili vəziyyətlərinə uyğun qərarlar verməsi mümkündürmü?
İqtisadçı ekspert Günay Hüseynova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, koronavirus pandemiyası davam edir və indi hamını onun nə vaxt bitəcəyi, sosial-iqtisadi həyatın əvvəlki axarına nə vaxt qayıdacağı düşündürür:“Belə bir vəziyyətdə ÜST-ün ölkələri karantin tətbiq etməməyə çağırması çox maraqlı görünür. Həmin təşkilatın ekspertləri bunu iqtisadiyyatlara vurulan ziyanı kompensasiya etmək üçün təklif etdiklərini deyirlər. Heç bir ölkə karantinə gedib, öz iqtisadiyyatına külli miqdarda ziyan vurmaq istəməz. Karantinə gedən ölkələrin statistikasına nəzər yetirsək, milyardalarla ziyanın dəydiyinin şahidi olarıq. Bütün ölkələr kimi, pandemiya Azərbaycan iqtisadiyyatına da zərər vurub və hələ ki, onun dəqiq məbləğini hesablamaq mümkün olmayıb. Yalnız o məlumdur ki, hökumət bütün mümkün vasitələrlə makroiqtisadi sabitliyə nəzarət edir, valyuta bazarında dalğalanmaya imkan verməyərək manatın məzənnəsini qoruyur, bunun üçün valyuta ehtiyatlarından bacardıqca az istifadə etməyə çalışır. Amma sabah vəziyyət bundan da pis ola bilər. Yəni xəstəliyin yeni dalğasını müşahidə edəriksə, ölkənin karantinlə bağlı qərar vermək hüququna hörmətlə yanaşmalıyıq. Azərbaycan rəsmiləri dəfələrlə deyiblər ki, bu məsələdə ən önəmlisi ölkənin təhlükəsizliyini təmin etməkdir. İnsan sağlamlığı da ölkənin təhlükəsizliyinə aid olan məsələdir. Yəni hansısa iqtisadi ziyana görə xəstəliyin ölkədə daha sürətlə yayılmasına imkan vermək olmaz. Bu baxımdan da, bəzi ölkələrin müstəqil qərar vermək hüququna hörmətlə yanaşmaq lazımdır. Təbii, biz də istəyirik karatin tətbiqinə ehtiyac duyulmasın. Amma təəssüflər olsun ki, dünyadakı bəzi proseslər bizim istəyimizə uyğun deyil, öz təbii qanunları ilə inkiaşf edir”.
Biz də istərdik ki, xəstəlik tezliklə yoxa çıxsın. Amma ÜST də bu cür qərarları verəndə, hər bir ölkənin spesifikasını nəzərə almalıdır.
Məhəmmədəli QƏRİBLİ