COVID-19 pandemiyası və onun yaratdığı fəlakətlər nəticəsində bütün dünyada məktəblərin bağlanması müxtəlif ölkələrdə milli təhsil sistemlərinə ciddi təsir göstərib. Dünya Bankı tərəfindən aparılan tədqiqatın müəllifləri hesab edirlər ki, vəziyyət xüsusi tədbirlərin görülməsini tələb edir.
Ekspertlərin fikrincə, pandemiya beynəlxalq təhsildə artıq mövcud olan problemləri daha da dərinləşdirib. Pandemiyada 258 milyon məktəbyaşlı uşaq məktəbə getməyib. Bir çox məktəbli yetərli şəkildə və keyfiyyətli təhsil ala bilməyib. Aşağı və orta gəlirli ölkələrdə on yaşlı uşaqların yarıdan çoxu yaşa uyğun sadə hekayələri oxuya və anlaya bilmirdi.
Məlum olduğu kimi, koronavirus pandemiyasına görə ölkəmizdə orta məktəblərdə dərslər martın 3-dən təxirə salınıb, tədris yalnız onlayn şəkildə aparılıb.
Onlayn təhsilin hələ davam edəcəyi gözlənir. Ancaq ekspertlər düşünürlər ki, şagirdlərin dərsə getməməsi, tədrisin onlayn formada aparılması məktəblilərin psixologiyasına mənfi təsir edir. Maraqlıdır, onlayn təhsil şagirdlərin psixologiyasına necə təsir edir?
“Uşaqların onlayn sistemə adaptasiyası çətin olmayacaq, narahatlıq yaradan məqam…”
Psixoloq Könül İsmayılova bildirdi ki, uşaqların onlayn sistemə adaptasiyası çətin olmayacaq. Narahatlıq yaradan məqam internet səbəbilə dərslərə qoşula bilməyən uşaqların psixoloji durumudur: "Onlayn sistem mütləq olmalı və belə distant təhsil Azərbaycana mütləq gəlməli idi. Sadəcə, indi tələblərə uyğun olaraq, pandemiya dövrünə düşdü. Bəlkə də bu daha yaxşıdır. Bilirik ki, həmişə ilklər, yeni sistem narahatlığa səbəb olur, ilk başlayanda səhvlər olur və səhvlərin düzəldilməsi də insanların qəbul edib-etməməsinə təsir edir. Düşünürəm ki, onlayn sistemlə tədrisin davam etdirilməsi oturuşmuş şəkil alacaq və uşaqlar buna artıq adaptasiya olacaq. Çünki uşaqların psixologiyası belədir ki, daha tez mənimsəyirlər, onların bu yöndə daha düzgün qavramaları var. Bu barədə narahatlıq yoxdur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, uşaqların uzun müddət evdə qalması onların elektronik alətlərə olan alışqanlıqlarını daha da artıracaq: “Nəzərə almaq lazımdır ki, uşaqların telefona alışqanlıqları onsuz da əsrin problemidir. Buna valideyn nəzarəti olsa, yaxşı olardı”.
Günel CƏLİLOVA