Məlum olduğu kimi, bu ilin fevral ayının 28-də Azərbaycanda ilk koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bundan sonra ölkə ərazisində bir sıra məhdudlaşdırıcı tədbirlər görülüb. Mart ayının 24-dən etibarən isə ölkədə karantin rejimi tətbiq olunub.
Karantin dönəminin əsas tələblərindən biri lazım olmadıqca evdən bayıra çıxmamaqdır. İnsanlar mümkün olduğu qədər karantin qaydalarına əməl etməyə çalışdılar. Aparılan araşdırmalara görə, karantinin müsbət tərəflərindən biri də ailədaxili münaqişələrin azalmasıdır. Ən önəmlisi, boşanmaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.
Açıqlanan statistik rəqəmlərə əsasən, 2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən qeydə alınan boşanmaların sayı isə 1,4 olub. Cari il ərzində 5 788 boşanma halı qeydə alınıb. 2019-cu ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 7082 boşanma halı qeydə alınıb.
Açıqlanan rəsmi rəqəmlərdə də qeyd olunur ki, karantin dönəmində boşanmaların sayı azalıb.
“…boşanmaların kəskin artacağı ilə bağlı mülahizələr irəli sürülürdü, ancaq açıqlanan rəsmi rəqəmlər bunun əksini deyir”
“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, karantinin insanların psixi durumuna, ailədə dözümlülüyün nümayiş etdirilməsi baxımından müsbət nəticəsi oldu. Koronavirus bir testdir, baxaq görək, ailələrimiz bu testdən necə çıxır? Əksər ailə bu testdən müsbət nəticə ilə çıxdı. Karantin dövründə insanların gününü daha çox evdə ailəsi ilə birgə keçirməsi ailədaxili münasibətlərin inkişaf etməsinə səbəb oldu. İnsanlar həyat yoldaşlarını daha yaxından tanıdılar, ailə üzvləri ilə birgə zaman keçirmək onlara xoş oldu. Karantin yeni tətbiq olunduğu zaman boşanmaların kəskin artacağı ilə bağlı mülahizələr irəli sürülürdü. Ancaq açıqlanan rəsmi rəqəmlər bunun əksini deyir”.
Günel CƏLİLOVA