İctimai Problemlərin Tədqiqi Assosiasiyasının Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, İctimai Problemlərin Tədqiqi Assosiasiyası (İPTA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Quba qalası ilə bağlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində görülən işlərdən biri Quba şəhərinin mərkəzində olan yeraltı yollar barədə materialların toplanıb ictimaiyyətə təqdim etməkdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycanın qədim tarixi və mədəniyyət mərkəzlərindən biri olan Quba şəhərinin mərkəzində 1747-1870-ci ilə qədər qala divarları olub. Düşməndən müdafiə olunmaq və çətin anda qaladan gizli şəkildə çıxmaq üçün qala divarlarından üç istiqamətə yeraltı tunellər tikilib. Yerli mütəxəssislərin bildirdiyinə görə, hətta bu yeraltı tunellərin bəziləri ilə faytonla da hərəkət etmək mümkün olub. Yeraltı tunellərin bir hissəsi rayonun əvvəlki rəhbərliyinin səhlənkarlığı üzündən, şəhərdə kanalizasiya xətti çəkilərkən dağıdılıb. Lakin yeraltı tunellərin böyük hissəsi hazırda Quba şəhərinin mərkəzindəki binaların altında qalmaqdadır. Çox təəssüf ki, bu günə qədər aiddiyəti qurumlar tariximizin bu cür dəyərli abidəsinə laqeyd qalmışlar.
Layihənin rəhbəri t.ü.e.d., professor Məhərrəm Zülfüqarlının fikrincə, görüləsi lazım olan ən vacib işlərdən biri hazırda Quba şəhərinin mərkəzində olan yeraltı yolları təmizləmək, sonra isə onları təmir və restavrasiya etməkdən ibarətdir.
Biz vətəndaş cəmiyyəti nümayəndələri olaraq dövlət qurumlarını bu işlərə ciddi fikir verməyə səsləyirik. Bu işlər görüldükdən sonra həmin tarixi abidələr dövlət tərəfindən ciddi qorunmalı və Azərbaycanın turist marşrutlarına daxil edilməlidir.
Layihə çərçivəsində işlər davam edir. Əldə olunan maraqlı faktlar mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırılacaq.
Hazırladı: Zümrüd VƏLİYEVA