11 avqust 2020-ci ildə keçmiş “Sovetski” küçəsinin (indiki Nəriman Nərimanov prospekti) bir qrup keçmiş sakini bir zaman evlərinin olduğu yerdə etiraz aksiyası keçirdi. Xatırladaq ki, 2014-cü ilin fevral ayından başlayaraq, “Sovetski” ərazisində yerləşən evlərin sökülməsinə başlandı. “Sovetski” Bakının Yasamal rayonunda Nəriman Nərimanov prospekti ilə Səid Rüstəmov və Zülfi Adıgözəlov küçələri arasında yerləşən tarixi yaşayış məhəlləsi idi.
Açıqlanan rəsmi məlumata əsasən, 26 hektardan çox ərazidə cəmi 1920 ev sökülməli idi. Evlərin sökülməsi iki mərhələdə aparıldı. Birinci mərhələ 2014-2015-ci illəri əhatə edib. Ev söküntüsünün ikinci mərhələsi 2018-2019-cu illərdə baş tutdu. Sökülən evlərin sahiblərinə ayrılan kompensasiya məbləği hər kvadratmetrə görə 1500 manat müəyyən edilib. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) onlara hər kvadratmetrə görə 500 manat əlavə pul vəd edib. Lakin vəd edilən məbləğ “Sovetski” sakinlərinə tam şəkildə verilməyib.
Ramin Sanaflı: “…bizə əlavə pul verəcəklərini dedilər, ancaq hələ də verməyiblər”
Məsələ ilə bağlı redaksiyamıza müraciət edən keçmiş “Sovetski” küçəsinin sakini olan Ramin Sanaflı bildirir ki, şəhər rəhbərliyi onlara hər kvadratmetrə görə 1500 manat məbləğində kompensasiya verildiyini iddia edir: “Ancaq bu, düzgün deyil. Bizə belə kompensasiya mənzilin yalnız bir hissəsi üçün ödənilib. Mənzilin çox hissəsi üçün hər kvadratmetrə görə cəmi 300 manat kompensasiya ödənilib. Düzdür, bizə əlavə pul verəcəklərini dedilər. Ancaq hələ də verməyiblər. Bununla bağlı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumun nümayəndəsi bizə bildirdi ki, əlavə ödənişin gecikməsinin səbəbi pandemiya ilə bağlıdır. Ancaq bizə əlavə məbləği hələ 2015-ci ildə ödəyəcəklərini söz vermişdilər”.
Cavad Cavadov: “Bəzi sakinlərə çox az məbləğdə kompensasiya verilib”
Vəkil Cavad Cavadov isə bizimlə söhbətində qeyd etdi ki, “Sovetski” sakinlərinin bəzisi hələ də, ümumiyyətlə, heç bir kompensasiya almayıb: “Nəzərə almaq lazımdır ki, onların evləri dağıdılıb. Bəzi sakinlərə isə çox az məbləğdə kompensasiya verilib. Sakinlər həmin məbləğə özlərinə ev almaqda çətinlik çəkirlər”.
Günel CƏLİLOVA