Dünyanı başına almış pandemiya dövlətləri öz rəvan həyatından ayırıb, insanların yaşam tərzini dəyişdirib, mənəviyyata, inama söykənən ənənələrə yeni yanaşma gətirib.
Virusun yaratdığı sosial problemləri həll etməyə çalışan dövlətlər məcburi məhdudiyyətlərin gətirdiyi çətinlikləri aradan qaldırmaq üçün var qüvvələri ilə çalışırlar.
Dünya pandemiya səbəbindən daha bir gözlənilməz situasiya ilə üzləşməli oldu. İnsanlar indiyə qədər görünməmiş addımların şahidi oldular: müqəddəs məkanlar, kütləvi ziyarət yerləri qapandı. Hər il milyonlarla zəvvarın ziyarətə gəldiyi Kəbə evi koronavirus səbəbindən mömünləri qəbul edə bilmədi.
İnsanlar pandemiya dalğasının gətirdiyi bu sosial narahatlığa anlayışla qarşılıq verdilər. Azərbaycan da bu sırada oldu. Pandemiya səbəbindən dini ritualların, mərasimlərin keçirilməsinə qoyulan məhdudiyyətlər ölkənin inanclı insanlarını daha sabit mövqe nümayişinə imkan yaratdı. Onlar dövlətin bu bəlaya qarşı apardığı mübarizəsində önəmli yer aldılar.
Qeyd edək ki, Aşura günündə hər il çoxlu sayda insan qanvermə aksiyasına qoşulurdu. Maraqlıdır, bu il qanvermə aksiyası necə olacaq və ən əsası, qan vermək istəyən şəxsin koronavirus daşıyıcısı olub-olmadığı necə müəyyən olunacaq?
“Vətəndaşlar bütün sosial məsafə qaydalarına riayət edərək, maska taxaraq qanvermə aksiyalarında iştirak edə bilər”
Tibbi ekspert Rasif Bağırov bildirdi ki, vətəndaşlar bütün sosial məsafə qaydalarına riayət edərək, maska taxaraq qanvermə aksiyalarında iştirak edə bilər: "Məlumdur ki, koronavirus epidemiyası ilə bağlı olaraq qanvermə aksiyası məscidlərdə deyil, Milli Hematologiya və Transfuziologiya Mərkəzində keçiriləcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qan verən şəxslərin koronavirus daşıyıcısı olub-olmadığı narahatedici bir məqamdır: “Qan verən şəxs ilk olaraq tibbi maska taxıb, sosial məsafə gözləməlidir. Qan verən şəxsin virus daşıyıcısı olub-olmaması 1 gün sonra bəlli olacaq. Məlumdur ki, analizlərin cavabı 1 gün sonra açıqlanır”.
Son olaraq qeyd edək ki, koronavirusla bağlı olaraq bu il qanvermə aksiyası, hər il olduğu kimi, məscidlərdə deyil, xəstəxanalarda keçiriləcək.
Günel CƏLİLOVA