İlk dəfə Məhərrəm ayı pandemiya dövrünə təsadüf edir. Avqustun 21-də artıq Məhərrəm ayı başlayır və ayın 30-da Aşura günüdür. Amma koronavirus pandemiyası ilə əlaqədar insanların qapalı və açıq məkanlarda kütləvi şəkildə toplaşması virusun yayılmasına təkan verən bilər.
Həkimlər hesab edirlər ki, kütləvi tədbirlərin keçirilməsi xəstəliyin yayılma sürətini artıra və hətta ikinci dalğaya səbəb ola bilər. Bu səbəbdən virusun yayılmasının qarşısının alınması üçün lazım olan bütün qabaqlayıcı tədbirlərə əməl edilməsi tövsiyə olunur. Eyni zamanda, tanınmış islam alimləri bəyan ediblər ki, sanitariya qaydalarına əməl etməmək, xəstəliyin yayılmasına səbəb olmaq günahdır. Bununla bağlı din xadimlərinin müvafiq fətvası da var. Bu baxımdan Məhərrəm ayının dini mərasim və ayinlərinin xüsusi şəraitdə qeyd olunması vacib buyrulur. Din xadimlərinin fikrincə, Məhərrəmlik mərasimlərinin də Ramazan ayının mərasimlərinə uyğun şəkildə həyata keçirilməsi, namazların fərdi qaydada evdə qılınması, müvafiq ayinlərin virtual məkanda izlənməsi vacibdir.
Qeyd etdiyimiz kimi, koronavirusla bağlı olaraq məscidlərdə insanların bir yerə toplaşması düzgün deyil. Maraqlıdır, evlərdə keçirilən dini ayinlərə necə nəzarət olunacaq?
“İnsanların bir yerə yığılması - yas yerləri, toy məclisləri, məscid ibadətləri xəstəliyin daha da artmasına səbəb ola bilər”
İlahiyyatçı Sevinc Əzimbəyli bizimlə söhbətində qeyd etdi ki, pandemiya dövründə insanların bir yerə toplaşması tibbi cəhətdən doğru deyil. İnsanların bir yerə yığılması - yas yerləri, toy məclisləri, məscid ibadətləri xəstəliyin daha da artmasına səbəb ola bilər. Hətta evlərdə də toplaşıb dini ayinləri qeyd etmək olmaz: “Məhərrəm ayında yığışmaq, ağlamaq, vay-şüvən etmək İslam dinində yoxdur. Sadəcə, radikal dindarların özlərinin uydurmasıdır. İslam dinində belə mərasimlər haqqında məlumat yoxdur.
Pandemiya dövründə insanların evlərdə belə bir yerə toplaşıb dini ayin keçirməsi düzgün deyil. Onu da bildirim ki, Daxili İşlər Nazirliyi (DİN) də əhaliyə müraciət edərək məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmağın yolverilməz olduğunu açıqlayıb. Hər kəs bu çağırışa əməl etməlidir”.
Günel CƏLİLOVA