Bir neçə həftə əvvələ qədər dünyanın bir sıra ölkələrində pandemiya ilə bağlı elan edilmiş sərt karantin rejiminin yumşaldılmasına start verilsə də, bunun nəticəsində bəzi müsəlman və xristian ölkələrində dini ibadət ocaqları açılsa da, son günlər yoluxmanın sürətlə yayılması səbəbindən vəziyyət xeyli kritikləşib.
Ümumiyyətlə, pandemiya ilə əlaqədar olaraq Azərbaycanda məscidlərin fəaliyyəti dayandırılıb, burada dini ibadətlərin icra edilməsinə icazə verilmir.
Başqa müsəlman ölkələrində vəziyyət necədir, o ölkələrin məscidləri pandemiya dövründə neçə fəaliyyət göstərirlər? Qeyd edək ki, mətbuatda gedən məlumatlara görə, pandemiya ilə əlaqədar olaraq Azərbaycanda və dünyanın bir sıra ölkələrində məscidlər qapalı qalsa da, iyunun əvvəllərində bəzi ölkələrdə, o cümlədən, İran, Türkiyə və Səudiyyə Ərəbistanında ibadət evləri artıq qapılarını dindarların üzünə açıb.
Bir müddət əvvəl rəsmi Ər-Riyadın Kəbənin hələ bir müddət qapalı olacağını elan etməsinə baxmayaraq, krallğın digər məscidləri, o cümlədən, Mədinə şəhərində yerləşən Peyğəmbər Məscidi artıq açılıb. Lakin məscidlər xüsusi qaydalar əsasında fəaliyyət göstərirlər, gün ərzində yalnız namaz vaxtlarında və məscidin tutumunun 40 faizi həcmində şəxsin daxil olmasına icazə verilir.
Yəni, gördüyümüz kimi, bəzi müsəlman ölkələrində məscidlər açılsa da, orada çox məhdud sayda insanın namaz qılmasına şərait yaradılır.
Bilirik ki, bu ilin Ramazan ayında Azərbaycanda da çox məhdud sayda din xadiminin iştirakı ilə sosial məsafə qorunmaqla rəmzi bayram namazı qılınıb.
İsmayıl Əhməd: “İran və Türkiyədə koronavirusa yoluxmanın statistikasında azalma müşahidə edilməsə də, bu gün hər iki ölkədə məscidlər açıqdır”
Tanınmış ilahiyyatçı İsmayıl Əhməd baki-xeber.com-a bildirdi ki, müsəlman ölkələrindən məsələ ilə bağlı yalnız İran və Türkiyədən məlumatı var. “Bu ölkələrdə həm məhəllə məscidləri, həm də insanların kütləvi şəkildə ibadət etdikləri, cümə namazları qıldıqları məscidlər var. Məsələn, koronavirus İranda tüğyan etdiyi vaxtlarda Məşəd, Qum ziyarətlərini bağladılar. Bir gündə 50-100 min zəvvar qəbul edən ziyarətgahlar, məscidlər bu gün İranda açıqıdır. Türkiyədə də Aya Sofya məscidi açılıb. Bir gündə fasilələrlə 20 mindən artıq insan orada namaz qıldı. İran və Türkiyədə koronavirusa yoluxmanın statistikasında azalma müşahidə edilməsə də, bu gün hər iki ölkədə məscidlər açıqdır. Bu ölkələrdə ibadətlər məsafəli şəkildə həyata keçirilir və insanlar bir-birilə sosial məsafə saxlayaraq ibadət edirlər” - deyə İ.Əhməd vurğuladı.
Ağasəid Yaqubov: “Demək olmaz ki, pandemiya dövründə islam ölkələri eyni metoddan istifadə edir, vahid tətbiqlər irəli sürürlər”
Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov baki-xeber.com-a bildirdi ki, dünyadakı müsəlman ölkələrinin hamısında pandemiyaya münasibət eyni deyil, Azərbaycandan fərqli olaraq, bəzi ölkələrdə bu təhlükə nəzərə alınmır və məscidlərin fəaliyyətinə icazə verilir. “İslam ölkələrində bu məsələyə yanaşmalar fərqlidir. Belə ki, islam ölkələri islam ayinləri baxımından bir az fərqli metodlara malikdirlər. Deyək ki, İranda islam ayinlərinin tətbiqi və məscidlərin fəaliyyətilə Səudiyyədəki bu yöndə həyata keçirilən məsələlər fərqlidir. Demək olmaz ki, pandemiya dövründə islam ölkələri eyni metoddan istifadə edir, vahid tətbiqlər irəli sürürlər. Ola bilsin, Azərbaycanda məscidlərin fəaliyyəti islam mərkəzi olan ölkələrin fəaliyyətindən bir az fərqli olsun. Çünki bizdə insanların heç də hamısı məscidlərə getmir, bizdə müəyyən faiz insanlar məscidlərə gedirlər. Şəhər məscidlərinin hamısı gur olsa da, bəzən görürsən ki, rayon və kənd məscidlərində gün ərzində barmaqla sayılacaq adam ibadət edir. Ona görə də bizim ölkədə islam ayinlərinin icra edildiyi ibadət yerləri, məscidlər digər ölkələrlə müqayisədə xeyli dərəcədə fərqlidir. Bu gün ölkəmizdə pandemiyaya görə məscidlərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Biz Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara uyğun addım atmışıq. Təbii ki, dövlətimizin pandemiya ilə bağlı həyata keçirdiyi uğurlu mübarizə siyasətinin, bu tədbirlərin əsas məqsədi birbaşa insanların sağlamlığının, təhlükəsizliyinin, rifahının təmin edilməsidir. Bizim dövlətimiz əhalini pandemiyadan daha az itki ilə çıxarmaq istəyir və görülən bütün tədbirlər də buna yönəlib”.
A.Yaqubovun sözlərinə görə, pandemiya bitmədən ölkəmizdə məscidlərin fəaliyyətinə icazə verilərsə, məscidlərdə kütləvilik başqa ictimai yerlərdən daha gur olduğu üçün, burada virusla bağlı müəyyən fəsadlar yarana bilər.
İradə SARIYEVA