Son vaxtlar sosial şəbəkələrdə müzakirə olunan məsələlər sırasında qaz sayğaclarının dəyişdirilməsi xüsusi yer tutur. Bəzən də məsələnin mahiyyətini tam dərk etmədən dolaşıq fikirlər yaranır və bu da sosial şəbəkələrdə yanlış istiqamətdə müzakirələrə yol açır. Ən çox smart kart tipli sayğacların mexaniki sayğaclarla əvəzlənməsi ətrafında danışılır. Maraqlıdır, texnologiyanın inkişaf etdiyi bir dövrdə müasir smart sayğaclar deyil, mexaniki sayğaclar quraşdırılır?
Nüsrət Qasımov: “Smart sayğacların qiyməti mexaniki sayğaclarla müqayisədə xeyli bahadır”
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş smart kart tipli sayğaclar da mexaniki sayğaclarla əvəzlənir: “Bu barədə dəfələrlə açıqlamamız olub, maliyyə məsələlərindən irəli gələrək belə addım atılır. Yəni smart kart tipli sayğacla mexaniki sayğac arasında qiymət fərqi çoxdur. "Azəriqaz" İB isə hazırda dünyada enerji bazarında baş verən prosesləri, geriləmələri nəzərə alaraq, optimal variantı seçir. Dövri yoxlamaya gəldikdə isə, bu, müvafiq dövlət qurumlarının təsdiq etdiyi qaydaların tələbidir. Yəni istər sənaye, istər məişət qaz ölçü qurğularının əvəzlənməsi "Qazdan istifadə qaydaları" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.3 bəndinə əsasən icra edilir. Qaydalara görə, yoxlama Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. 2015-ci ildə təsdiq edilmiş "Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi" sənədində göstərilir ki, qaz sayğacları əhali abonent qrupunda 5 il, qeyri-əhali abonent qrupunda isə 3 ildən bir dövlət yoxlanışına təqdim olunur. Yəni bu prosesin tam qanuni əsası var”.
Kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov qeyd etdi ki, smart sayğacların qiyməti mexaniki sayğaclarla müqayisədə xeyli bahadır. Həmçinin, smart sayğaclar mürəkkəb mexanizmə malikdirlər: "Bu sayğaclar, əslində, bölgələrdə yaşayan vətəndaşlar üçün əlverişli deyildi. Məlumdur ki, bir çox insan kartı sayğaca yerləşdirə və balansındakı məbləği sayğaca köçürə bilmirdi. Bir çox halda sayğac bloka düşürdü. Yaxud smart kartlara ödəniş edə bilmək məsələsi də aktual idi. Həmçinin, smart sayğacların istismar müddəti başa çatdıqdan sonra onu yeniləmək lazımdır. Onlar daimi istifadə üçün nəzərdə tutulmayıb. Bu sayğacları yeniləmək də xeyli bahalı prosesdir. Burada qeyri-adi heç bir məsələ yoxdur. Sayğacın nə fərqi var ki? Bu prosesdə qeyri-şəffaflığın olduğunu iddia edənlər də tamamilə haqsızdırlar. Əhalinin narahatlığı başadüşüləndir. Amma burada problem ediləsi heç bir məsələ yoxdur. Əksinə, mexaniki sayğaclar smart sayğaclardan daha sərfəlidir”.
Günel CƏLİLOVA