19/09/2020 03:15
728 x 90

Vətəndaşların elektrik enerjisinə görə borcunun şişirdilməsi söhbətləri nə qədər əsaslıdır…

“Azərişıq” ASC - Vaqif Aydınoğlu: “Bu cür şikayətlər hər il olur, bunlar əsassız məlumatlardır”

img

Son günlər vətəndaşlar "Azərişıq” ASC-nin fəaliyyətindən narazılıqlarını bildirərək sosial şəbəkələrdə elektrik enerjisi üzrə borcun "şişirdildiyini” iddia edirlər. Şikayətçilərin əksəriyyəti hər ay olduğu kimi enerji sərf etsə də, artıq məbləğdə borc yazıldığını bildirirlər.

Digər bir iddiaya görə isə ödənişlərin artıq gəlməsinə səbəb koronavirus pandemiyası dövründə Nazirlər Kabinetinin aprel ayında tətbiq etdiyi orta sərfiyyat tarifi ləğv olunduğu üçün aprel, may, iyun və iyul aylarının ödənişlərinin də borclara əlavə olunmasıdır.

Məsələ ilə bağlı  “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu ilə əlaqə saxladıq. O bildirdi ki, bu cür şikayətlər hər il olur: “Bunlar əsassız məlumatlardır. Qiymətləri sayğac kodları ilə də müəyyənləşdirmək olar. Bunun üçün vətəndaşlar azerishiq.az saytına daxil olaraq nə qədər sərfiyyat olub və ödənişlərlə bağlı bütün məlumatları əldə edə bilərlər. Bu, tam açıq və şəffaf bir sistemdir”.

  • Natiq Cəfərli: “...limitin necə hesablanması ilə bağlı çox zaman insanlara açıq məlumat verilmir”

İqtisadçı Natiq Cəfərli qeyd etdi ki, bu şikayətlərin obyektiv və subyektiv səbəbləri var: "Obyektiv səbəb odur ki, karantin dövründə insanlar evdə çox qaldıqca daha çox kondisionerdən istifadə edirlər. Yəni elektrik enerjisinin istifadə olunması xeyli dərəcədə artır. Subyektiv səbəb isə müdaxilələr ola bilər. Amma bunun üçün texniki analiz, məsələnin aktlaşdırılması və sübut olunması lazımdır. Kənardan, sadəcə, belə bir ehtimal irəli sürə bilərik. Amma belə şikayətlər çoxdur. Bildiriş çekinə baxdıqda orada kilovatın düzgün hesablandığını görmək mümkündür. Amma limitin necə hesablanması ilə bağlı çox zaman insanlara açıq məlumat verilmir. "Bakıelektrikşəbəkə”nin verdiyi hesab fakturasında bu görünmür. Vətəndaşlara israf etdikləri elektrik enerjisi ilə bağlı daha aydın şəkildə məlumat verilməlidir”.

Günel CƏLİLOVA

Son xəbərlər