Rusiya və İspaniyadan Azərbaycana qorxunc mesaj - çimərlik açılımından sonra yoluxma artıb...

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Azərbaycanda karantin rejiminin növbəti yumşaldılma prosesi baş verdi. Bilirik ki, avqusun 5-dən etibarən müəyyən açılımlar oldu, o cümlədən də çimərliklər açıldı, əhaliyə çimərliklərdən istifadə etməyə icazə verildi.
Heç şübhəsiz ki, çimərliklərin açılması və insanların kütləvi şəkildə ora üz tutması virusa yoluxma risqini göz önünə gətirir. Əlbəttə, insanlar mövcud karantin qaydalarına riayət etməsələr, yoluxmanın yenidən artacağı istisna edilmir.
Qeyd edək ki, dünyanın bəzi ölkələrində çimərliklərin açılması virusa yoluxmanın artmasına səbəb olub. Rusiya Virus İnfeksiyalarının Profilaktikası və Müalicəsi üzrə Elmi-İnformasiya Mərkəzinin direktoru, tibb elmləri namizədi, immunoloq, infeksionist Georgi Vikulov mətbuata müsahibəsində qeyd edib ki, İspaniya və Rusiyada çimərliklər açılandan sonra yoluxma artıb.
O, Azərbaycanda çimərliklərin açılması məsələsinə münasibət bildirib: “Bu məsələ müzakirə olunub və olunur, özü də tək Azərbaycanda deyil. Məsələn, İspaniyada turistlər gəlməyə başlayandan iki həftə ərzində yeni yoluxma hallarında 400 faiz artım müşahidə edildi. Rusiyada - Stavropol və Krasnodar diyarlarında çimərlik mövsümünün açılmasından sonra yoluxma hallarında kəskin artım oldu. Təəssüflə qeyd etməliyəm ki, biz hələ yoluxma sayında artım müşahidə edəcəyik”.
- “...əvvəlcədən bu açılımın əleyhinə idim”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, avqustun 5-dən çimərliklərin açılmasına dair qərarda tələskənliyə yol verilib. İ.Hüseynli hesab edir ki, bütün dünya üçün böyük təhlükə olan pandemiyanın tam olaraq kökü kəsilmədiyi üçün çimərliklərin açılması uyğun deyildi. “Bu gün dünyanın bəzi ölkələrinin təcrübəsi də göstərir ki, çimərliyin açılması virusun daha da alovlanmasına gətirib çıxara bilər. Məncə, yumşaldılma çimərliyə aid olmalı deyildi. Dünyanın elə ölkələri var ki, orada nə dəniz, nə də çimərlik var. Çimərlik məsələsi insanlar üçün təhlükəlidir və bu prosesi tənzimləmək bir qədər çətindir. Çimərliklərin açılmasına cəmi 6 gündür icazə verilib, amma çimərliklərdə insan əlindən tərpənmək mümkün deyil. Əhali kütləvi olaraq Novxanıya, Pirşağıya, Şıx çimərliyinə axışır. Bütün populyar çimərliklərə güclü axın var. Bizdə çimərliklər həmişə adamla dolu olur. Çimərliyə gedənlərin sayı həddindən artıq çox olduğu üçün yoluxma risqi də böyükdür. İnsanlar sosial məsafə saxlamırlarsa, qayda-qanunlara əməl etmirlərsə, demək, yoluxma risqi də qaçılmazdır. Mən bir ekspert kimi çimərliklərin böyük təhlükə mənbəyi olduğunu bildiyim üçün əvvəlcədən bu açılımın əleyhinə idim ”.
İ.Hüseynlinin sözlərinə görə, əhali daha diqqətli olmalıdır. Müsahibimiz hesab edir ki, əlaqədar qurumlar nə qədər nəzarət etsələr də, bir çox halda əhali qaydalara əməl etmir. “Artıq dünyanın tanınmış virusoloqları da çimərliklərin açılmasına qarşı çıxırlar, çünki, faktiki olaraq, bu açılım yoluxmalara səbəb olur. Hesab edirəm ki, bizdə də çimərliklərin qapadılması ilə bağlı qərar qəbul edilməlidir. Bilmək olmaz, bəlkə çimərliyə gedənlər arasında virusa yoluxan şəxslər var, o da başqalarını yoluxdura bilər. Çünki elə adam var ki, yoluxduğunu gizlədir. Bu baxımdan, Azərbaycanda da çimərliklərin açılması virusun daha geniş yayılmasına gətirib çıxara bilər” - deyə İ.Hüseynli vurğuladı. Ekspert onu da qeyd etdi ki, indiki vaxtda çimərliklərin açılmasındansa rayonlara gediş-gəlişin bərpa edilməsinə daha çox ehtiyac var.
İradə SARIYEVA