18/09/2020 12:10
728 x 90

13 xüsusi rayonda 190 manat yardım sakinlərin əhəmiyyətli dərəcədə əlindən tutacaq

Əhməd Qəşəmoğlu: “Belə bir zamanda dövlətin maddi dəstək göstərməsi o insanların...”

img

Prezident İlham Əliyevin tapşırığına əsasən, pandemiya dövründə növbəti sosial dəstək tədbiri - sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) üzrə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə proqramı həyata keçiriləcək. Artıq bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qərar layihəsi Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Nazirlər Kabineti 13 bölgədə 190 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Nazirlər Kabinetinin Qərarını imzalayıb.

Qərarda deyilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq, təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin”.

Bu ödəmələr həmin bölgələr üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 278 min şəxsi əhatə edəcək. Bu məqsədlə 53 milyon manat vəsait sərf olunacaq.

Vəsait həmin vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək. Ödəmənin verilməsinə başlanarkən bu barədə əlavə məlumat veriləcək.

190 manat yardım xüsusu karantin rejimi elan edilən 13 rayonun əhalisinin yaşayışına necə təsir edəcək?

  • “Xüsusi karantin rejimi elan edilən rayonların əhalisi dövlətin onlara maddi dəstək göstərməsini müsbət dəyərləndirir”

Tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu baki-xeber.com-a bildirdi ki, xüsusi karantin rejimi elan edilən 13 rayonun əhalisinə 190 manat yardımın verilməsi müsbət haldır və bu, həmin rayonların əhalisinin yaşayışına xeyli təsir göstərəcək. “Prezidentin tapşırığına əsasən, 13 rayonun əhalisinə veriləcək 190 manat yardım onların sevincinə səbəb olub. Xüsusi karantin rejimi elan edilən rayonların əhalisi dövlətin onlara maddi dəstək göstərməsini müsbət dəyərləndirir. Rayonlarda, kəndlərdə elə insanlar var ki, ümumiyyətlə, məşğulluğu yoxdur, heç yerdən maddi təminatı yoxdur, belə bir zamanda dövlətin maddi dəstək göstərməsi o insanların yaşayışına müsbət təsir göstərəcək. 278 min şəxs bu yardımdan bəhrələnəcək. Amma burada bir məsələ var ki, onu mütləq şəkildə qeyd etməliyəm. Mənim bir təklifim var. Təklif edirəm ki, əlaqədar nazirliklər xüsusi karantin rejimi elan edilən rayonların əhalisinin öz təsərrüfatında becərdiyi məhsullarının paytaxta daşınaraq satılmasını təmin etsinlər, bu daha yaxşı olar. Əhalinin bağının mer-meyvəsi, tərəvəzi, südü-qatığı xüsusi şəkildə paytaxta gətirilərsə, o insanlar maddi cəhətdən bu şəkildə də təmin oluna bilər. Əks halda, o məhsullar qalıb zay olur, camaat da bundan xeyir görmür. Məncə, bu barədə düşünmək lazımdır” - deyə Ə.Qəşəmoğlu qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər