Bulaqları ilə tanınan Bradi kəndi indi susuzluqdan can verir

Lerik rayonunun ucqar dağ kəndi Bradi təbiətin ən füsunkar guşəsində yerləşir. Vaxtilə bu dağlar diyarının durna gözlü, şəffaf sulu bulaqları onun adına yaxşı hörmət gətirmişdi. Hətta uzaq yerlərdən bulaqların suyundan dadmaq üçün buraya yüzlərlə, minlərlə adam gələrdi. Bəzən xəstə adamların bu sulardan içib şəfa tapmaları da olub.
Son on beş ilə kimi kəndin sinəsində ondan çox bulaq çağlayıb. Kənd sakinlərinin su sıradan heç bir problemi olmazdı. Təkcə “Mirzəlihoni” və “Zəkihoni” bulaqlarının suyu bütün kəndə gel-bol çatardı. Suvarılan bağların məhsulu bitib-tükənməzdi.
Artıq kəndin bulaqları ayrı-ayrı adamlar tərəfində çəpərlənib. Onları zəbt edən adamların bir neçəsi burdan köçüb. Yaydan-yaya bura gəlir, çəkdiyi çəpərləri bərkidib geri qayıdırlar. Bulaqlara yaxın durmaq olmur, səmərəsiz axdıqları üçün ətraflarında böyük bataqlıq yaranıb. Bu həm də doğma təbiətə qəsd etməkdir. Saf suyu ilə ad qoyan bütün Bradi kəndi indi susuzluqdan can verir. Gözü tutulmuş saf çeşmələr də kənd sakinlərindən imdad istəyirlər. Sadə camaatın zəncirlənmiş bulaqların azadlığına gücü çatmır. Rayon məmurlarının rüşvət hesabına yaratdıqları özbaşınalıqlar səbəbindən bradililərin su problemi müşkülə dönüb.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü