Bütün hallarda, yaradıcılığın müxtəlif sahələrində seçilən şəxslərə ictimai təşkilatlar tərəfindən mükafatların verilməsi müsbət haldır. Bu həmin şəxslərin real yaradıcılıq qabiliyyətinin stimullaşdırılmasına bir dəstəkdir. Amma çox təəssüf ki, bəzi ictimai təşkilatlar müxtəlif adlar altında diplomlar hazırlayaraq onu dəxli olmayan insanlara verirlər.
Araşdırmamız nəticəsində məlum oldu ki, bu təşkilatlar həmin şəxslərə bu diplomları əsasən 30-50 manata satırlar. Bu gün bu şəkildə fəaliyyət göstərən təşkilatlar sırasında özünü jurnalist təşkilatı kimi qələmə verənlər də az deyil. Son zamanlar belə diplomların daha çox yaradıcılıqla, musiqi, ədəbiyyat, təsviri incəsənət, jurnalistika ilə heç bir əlaqəsi olmayan şəxslərə verildiyinin şahidi oluruq. Məsələn, bu günlərdə xəbər saytlarında saç ustasına media mükafatı verilməsi ilə bağlı məlumata rast gəldik, bu bizim kimi digər media təmsilçilərinin də təəccübünə səbəb oldu. Saç ustası hara, media mükafatı hara, cızmaqaraçı hara, ədəbiyyat mükafatı hara? Özü də bu diplomları alan adamlar bunu elə reklam edirlər ki, sanki saxtakarlıq yox, böyük bir qəhrəmanlıq ediblər.
“Azərbaycanda fəaliyyət göstərən xeyli təşkilat var ki, onların işi saxta mükafatlar, diplomlar satmaqdır”
Filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Qiymət Məhərrəmli bizimlə söhbətində belə qurama təşkilatların çox olduğunu və onların fəaliyyətinin ictimai rəyi çaşdırdığını bildirdi.
“Çox təəssüflər olsun ki, günümüzdə belə xoşagəlməz mənzərələrlə qarşılaşırıq. Mən özüm də tez-tez sosial şəbəkələrdə belə diplomlar alan adamların təqdimatlarına, fotolarına rast gəlirəm. Ədəbiyyat, sənət, media adına mükafat təsis edən adam birmənalı olaraq bunun məsuliyyətini dərk etməli, o diplomu hər yoldan keçənə verməməlidir. Bu gün bu “kağız parçası”nı pulla satanlar da var. Bir də görürsən ki, ədəbiyyata, sənətə, mətbuata heç bir aidiyyəti olmayan adama belə bir diplom verdilər. Aşpaza, manikürçüyə, saç ustasına, cızmaqaraçıya, 70 yaşdan sonra “şeir yazmağa” başlayanlara bu diplomları hədiyyə vermirlər, satırlar. Bu diplomları maddi qarşılıq olmadan ədəbiyyatda, mətbuatda illərlə külüng vuran insanlara verməzlər heç vaxt. Heç onlar da o saxta diplomları, mükafatları qəbul etməzlər”.
Q.Məhərrəmli qeyd etdi ki, bütün dünyada müstəqil təşkilatlar tərəfindən təsis edilən mükafatlar xüsusi rəy sorğusu nəticəsində layiq olanlara verilir, bizdəki kimi aşpaza, manikürçüyə, salon işçisinə verilmir. “Azərbaycanda fəaliyyət göstərən xeyli təşkilat var ki, onların işi saxta mükafatlar, diplomlar satmaqdır. Kimin pulu varsa, gedib o diplomu alır. Əslində isə müstəqil təşkilatların daha çox seçim etmək, layiq olan şəxslərə diplomlar vermək imkanları var. Amma onlar bundan istifadə etmirlər. Ona görə də bizdə ictimai qurumlar inkişaf edə bilmirlər” - deyə Q.Məhərrəmli bildirdi.
İradə SARIYEVA