Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən xüsusi karantin rejiminin yumşaldılmasından sonra avtobuslarda sıxlıq müşahidə edilir.
İctimai nəqliyyatdan istifadə edən vətəndaşlar sıxlıqla bağlı sosial şəbəkələrdə yazaraq, Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən narazılıq ediblər. Onlar xüsusilə səhər saatlarında 165 nömrəli avtobusda sıxlıq yaşandığını bildiriblər.
Mais Ağayev: “Hər ötən gün gündəlik sərnişin-səfər sayında artım qeydə alınır”
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirdi ki, müəyyən xətlərdə sərnişin sıxlığı müşahidə olunub: “Hər gün səhər və axşam pik saatlarında biz də bunun şahidi oluruq. Çünki gündəlik olaraq BNA rəhbərliyi və şəxsən sədr özü ərazidə vəziyyətlə yerində tanış olur.
Həmçinin, hazırda sərnişindaşıma yalnız ictimai nəqliyyatın bir növü olan avtobuslarla yerinə yetirilir. Müntəzəm xətlərlə yanaşı, əlavə 7 sayda ekspress xətt fəaliyyət göstərir. Bütün xətlər üzrə gündəlik təxminən 2000-ə yaxın avtobus xəttə buraxılır. Hər gün yüzlərlə əməkdaş sərnişindaşımanın təşkilinə cəlb olunur. Səhər və axşam pik saatlarında İdarə Heyətinin sədri və üzvləri müxtəlif ərazilərdə olur, vəziyyətlə yerində tanış olurlar. Bakı Nəqliyyat Agentliyi bütün səy və qüvvəsini pandemiya şəraitində sərnişindaşımanın təşkilinə yönəldib”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hər ötən gün gündəlik sərnişin-səfər sayında artım qeydə alınır: “Aprel-may aylarında tətbiq olunan karantin rejimi ilə indiki vəziyyəti müqayisə etsək, 15-20 % artım var. Sərnişin tələbatını qarşılamaq üçün daşıyıcılarla iş aparılır, onlara rəsmi xəbərdarlıq olunub ki, gündəlik xəttə çıxan avtobus sayı azaldılmasın. Bunun nəticəsidir ki, adi yay rejimi ilə müqayisədə bu gün xəttə 20 faiz çox avtobus çıxarılır. Lakin bəzi daşıyıcılar tərəfindən qoyulan tapşırıqlara əməl olunmaması halları da var. Bunlar bizə də məlumdur. 165 nömrəli marşrutda olduğu kimi. Bununla əlaqədar bir neçə dəfə daşıyıcı şirkət "Çinar-Trans" MMC-nin rəhbəri İsmayıl Hüseynova xəbərdarlıq olunub. Avtobusların sayının pandemiya şərtlərinə uyğun tənzimlənməsi ilə bağlı tapşırıq verilib. Ən son ötən həftə analoji vəziyyətlə bağlı izahatı alınıb. Ümumilikdə, bildirim ki, bu xətt sərnişinlərin daha çox narazı qaldığı xətlərdəndir”.
Azər Allahverənov: “Avtobusların sayı sərnişinlərin sayına adekvat deyil”
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, avtobusların sayı sərnişinlərin sayına adekvat deyil: “Düzdür, hamı sərt cərimə sanksiyalarından danışır, hətta hansısa bir avtobusun xətdən kənarlaşdırılması barədə də söhbətlər gedir. Amma gəlin görək, bizim bu gün yollarda hərəkət edən avtobusların sayı sərnişinlərin sayına nə dərəcədə adekvatdır? Biz bilirik ki, burada çatışmazlıq var. Metropoliten bağlıdır. Pandemiya dövründə ondan istifadə edən insanların sayı gündəlik 240-250 min nəfər idi. Hazırda bu şəxslər avtobuslara üz tutur. Bu gün 2500 civarı avtobus hərəkətdədir, amma bu da çatmır. Çoxlu sayda insan avtobusun azlığından əziyyət çəkir. Biz belə vəziyyətdə insanlara tövsiyə edirik ki, sıxlıq olan avtobuslara minməsinlər. Mən özüm də bunu edirəm. Bir neçə avtobus ötürürəm. Bu günlərdə jurnalistlərdən biri ilə rastlaşdıq. Bildirir ki, 4-cü avtobusa minə bilib və işə gecikdiyi üçün müdir ona irad tutub. Burada qarşılıqlı anlaşma olmalıdır. Bu gün iş yerlərində müdiriyyət də vəziyyətdən xəbərdardır. Onlar, ilk növbədə, kollektivin sağlamlığını üstün tutmalıdırlar. Əgər bir nəfər virusa yoluxsa, digərləri də yoluxacaq. Ona görə də müəssisə rəhbəri, birmənalı şəkildə, işçilərindən sıxlıq olan avtobuslardan istifadə etməmələrini tələb etməlidir. Bunun üçün müəyyən vaxtı güzəştə getməlidir. Biz məhsuldarlıqdan, sağlam mühitdən danışırıqsa, müdiriyyət və işçilər, sərnişinlər və ictimai nəqliyyat, o cümlədən, aidiyyəti qurumlar arasında qarşılıqlı anlaşma mütləqdir”.
Son olaraq bildirək ki, pandemiya dövründə ictimai nəqliyyatın sayının az olması düzgün deyil. Belə bir dövrdə xəttə buraxılan avtobusların sayı çox olmalıdır.
Günel CƏLİLOVA