Məlum olduğu kimi, bu həftə Dövlət İmtahan Mərkəzi növbəti buraxılış (qəbul) imtahanları təşkil edəcək. İmtahanlar 29-30 iyul tarixlərində respublikanın 20 şəhər və rayonunda keçiriləcək. İyulun 29-da keçiriləcək imtahanlarda 13809, iyulun 30-da keçiriləcək imtahanlarda isə 14115 nəfər olmaqla, ümumilikdə, 27924 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.
Ekspertlər bildirirlər ki, bu il keçiriləcək imtahanlarda iştirak edəcək abituriyentlərin nəticəsi ötən illərdən fərqli olaraq zəif olacaq. Çünki onlar pandemiya ilə əlaqədər olaraq dərslərdə iştirak etməyiblər.
“Şagirdlər 3 martdan etibarən tədris prosesindən kənarda qaldıqları üçün bır sıra bilik və bacarıqları unudublar”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, koronavirus dünyada təhsil sisteminə təsirsiz qalmayıb: “İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi, sadəcə, proseslərin arxasınca gedib. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başladılar. Dövlətimizin pandemiyaya qarşı mübarizədə addımları əsasən 3 istiqaməti əhatə edir. Belə ki, birincisi, virusun yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində addımları, ikincisi, pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı dalğalanmanın təsirlərinin minimallaşdırılması, sosialyönümlü paketlər, üçüncüsü isə pandemiya ilə mübarizədə beynəlxalq səylərə dəstək, bu məzmunda qlobal dialoqun və əməkdaşlığın təşkilidir. Bu istiqamətdə təhsil sistemi daha aparıcı mövqeyə malik oldu. Belə ki, ilk mərhələdə martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mərhələlərlə tədris ilinin sonunadək dayandırıldı. Bu da ölkəmizdə virusa yoluxanların sayının digər dünya ölkələri ilə müqayisədə az olmasına gətirib çıxardı. Çünki ölkə təhsili öz ətrafında 2 milyondan çox şəxsi birləşdirir və gün ərzində təhsil müəssisələrinə bu qədər insan daxil olur”.
Həmsöhbətimiz onu da vurğuladı ki, 2020-ci ili abuturiyentlər üçün olduqca uğursuz il saymaq olar: “Məlum olduğu kimi, mart ayının 3-dən orta məktəblərdə dərslər dayandı, ardınca onların qəbul və buraxılış imtahanlarında nəticə əldə etməsinə birbaşa təsir edən hazırlıq kursları və repititorluğun fəaliyyətinə məhdudiyyət tətbiq edildi və nəticədə şagirdlər normal dərsdən geri qaldılar. Həmin ərəfədə karantin səbəbilə imtahanlar təxirə salındı. Bəli, insanların sağlamlığı hər şeydən önəmlidir. Amma düşünürəm ki, qaydalara əməl edilməklə imtahanların təşkili mümkün idi. Son qərar şagirdlərə olduqca böyük psixoloji sarsıntı yaratdı. Artıq onların özlərinə olan inamı aşağı düşdü. Məhz bu amil onların qəbul imtahanlarındakı nəticələrə ciddi şəkildə təsir edəcək. Hətta biz 9,10,18 və 19 iyunda keçirilən buraxılış imtahanlarında şagirdlərin nəticələrini təhlil edəndə onların əvvəlki illərlə müqayisədə zəif yazdıqlarının şahidi olduq. Artıq növbəti aydan qəbul imtahanları başlayır. Amma şagirdlər 3 martdan etibarən tədris prosesindən kənarda qaldıqları üçün bır sıra bilik və bacarıqları unudublar. Pandemiya dövründə imtahan verən abituriyentlərin nəticələri çox aşağıdır”.
Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq təhsil müəssisələrinin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması, istər-istəməz, şagirdlərin bilik və bacarığına təsir edib.
Günel CƏLİLOVA