“Dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, indi bir çox ucqar kənddə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsi xətti ilə icra edilir və bunun tamamlanması 2021-2022-ci illərdə başa çatmalıdır. Bununla paralel olaraq, təhsilin keyfiyyəti artmalıdır və artır.
“Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınmasıdır”
Dağ kəndlərində və ucqar ərazilərdə modul tipli məktəblərin yaradılmasının əhəmiyyəti haqqında danışan təhsil eksperti Nizami Hüseynov bildirdi ki, ucqar kənd yerlərində modul tipli məktəblərin yaradılması müsbət haldır: “Məlumat üçün bildirim ki, bəzi bölgələrdə, xüsusilə ucqar kəndlərdə illərdir təmir olunmayan qəzalı məktəblər var ki, 2016-cı ildən etibarən bunlar modul tipli məktəblərlə əvəzlənir. Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Bunların digər üstünlüyü odur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq 50 yerlik səyyar məktəb quraşdırılır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, modul tipli məktəblər şagird sağlamlığı üçün də yaxşıdır. Bu, təhsilin inkişafına gətirib çıxaracaq. İndiyə qədər tədrisin aparılması üçün uyğun olmayan yerdə dərs keçən şagirdlər indi daha rahatdırlar. Modul tipli məktəblər 100-300 uşaq tutumuna malik olur.
Müsahibimizin dediyindən belə aydın oldu ki, ucqar ərazilərdə modul tipli məktəblərin yaradılması təhsilin inkişaf etməsinə səbəb olacaq.
Günel CƏLİLOVA