Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə, akademiyanın 2019/2020-ci tədris ili məzunlarının onlayn buraxılış mərasimi keçirilib.
Akademiya rəisi Qulu Novruzov bu tədris ilində akademiyanın 3-cu buraxılışı olduğunu, buraxılış mərasiminin ötən illərdən fərqli şəkildə, yeni formatda keçirildiyini, pandemiya dövrünə uyğun olaraq virtual şəkildə təşkil olunduğunu vurğulayıb.
Q.Novruzov məzun adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb. O, builki məzunların təhsildəki nəticələri və akademiyanın ictimai-sosial həyatındakı uğurlu fəaliyyətlərindən söz açıb, həmçinin, tələbələrin valideynlərinə təbriklərini ünvanlayıb.
Məzunları Akademiyanın rəis müavinləri də təbrik edib, həyatlarının yeni mərhələsində uğurlar arzulayıblar.
Sonra məzun-tələbələr akademiyada təhsil aldıqları müddətdə rəhbərlik və professor-müəllim heyəti tərəfindən hər zaman qayğı və diqqətlə əhatələndiklərini bildiriblər, bütün məzunlar adından təşəkkürlərini çatdırıblar.
Sonda akademiyanın xor və rəqs qruplarının üzvləri olan tələbələrin ifasında şeir və mahnılar səsləndirilib.